Növbəti idman filmləri festivalı

post-img

Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi ikinci “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” keçirilir. 

“Televiziya festivalları Azərbaycan idmanının salnaməsini yaradacaq. Ölkə­mizdə idman öz həqiqi yerini tapır. Ümid edirəm ki, bu cür festivallar çox olacaq”. 

Bu fikirləri Rəşid Behbudov adına Mahnı Teatrında müxtəlif federasiyala­rın təmsilçiləri və idman ictimaiyyətinin iştirak etdiyi açılış mərasimində mediaya müsahibəsində Milli Olimpiya Komitəsi­nin (MOK) vitse-prezidenti, Təşkilat Ko­mitəsinin sədri Çingiz Hüseynzadə deyib. O, daha sonra bildirib ki, analoji festival 2-ci dəfə keçirilir. “İlk festival 2021-ci ildə MOK-un 30 illiyinə həsr olunmuşdu. Məqsəd gənclər arasında idmana ma­rağı artırmaq və onların uğurlarını işıq­landırmaqdır. İkinci festivalın da uğurla keçəcəyinə əminik. İstəyirik ki, Azərbay­canı dünyaya tanıdan idmançılara, qəh­rəmanlara həsr olunmuş bədii filmlər də çəkilsin və növbəti festivallarda bədii film nominasiyasında da qalibləri müəyyən­ləşdirək”.

Qeyd edilib ki, federasiyalar, televizi­ya kanalları, özəl studiyalar və yaradıcı kollektivlər bu istiqamətdə fəal iş aparır, filmlər, videoçarxlar çəkirlər. Bu festival Azərbaycan idmançılarına dəstək ola­caq. Festival 5 Mart Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində başa çatacaq. Həmin gün münsiflər heyəti tərəfindən yüksək qiymət alan ilk üç film mükafat­landırılacaq. Ardınca MOK-un himninin yeni videoklipi təqdim olunub.

Mərasimdə festivalın münsiflər heyə­tinin sədri – atıcılıq üzrə Sidney–2000 Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinova bu kimi tədbirlərin artıq ənənəyə çevrilməsindən məmnunluq duyduğunu söyləyib: “Çox gözəl nomina­siyalar var. Hər kəsi burada iştiraka dəvət edirik. Qoy, güclülər qalib gəlsin”.

Sonra “Azərbaycanın Olimpiya Odis­seyası” layihəsi çərçivəsində sərbəst güləş üzrə XXX London Olimpiadasının qalibi Toğrul Əsgərov haqqında çəkilən "Ərtoğrul" filmi nümayiş olunub. Xatır­ladaq ki, bu film Lozanna şəhərində ke­çirilən I Beynəlxalq İdman Mətbuatı As­sosiasiyası Festivalında Avropa qitəsini təmsil edib və “Avropa TOP 10-luğu”na düşüb. 

XQ

Mədəniyyət