Şəhərin “sellofan kəpənəklər”i

post-img

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Şəhər və qəsəbələrin, digər yaşayış yerlərinin təmizliyi də bu sıraya aid edilə bilər.

Həyatda bütün əməllər bumeranq tə­siri bağışlayır. Havanın, suyun, torpağın çirkləndirilməsi təbiətə ziyan vurur və in­sanların özlərinin əleyhinə çevrilir. Hələ qədimdən ətraf mühiti korlamaq günah sayılıb. “Adam su içdiyi quyuya tüpür­məz” məsəli də o vaxtlardan qalıb. 

Bəs, bu gün həmin həyati tələblərə nə dərəcədə əməl edirik? Təəssüf ki, is­tifadədən sonra hara gəldi, atılan plastik və polietilen tullantıları, sellofan torbala­rı və cığara bükümlərini görəndə sanki özümüzün özümüzə qənim kəsildiyimiz qənaətinə gəlməli oluruq. 

Məsələ burasındadır ki, ötən əsrin 60-cı illərində kimyəvi materiallardan ha­zırlanmış bu cür tullantıların həcmi heç 1 faizə də çatmırdı, indi isə bu rəqəm dün­yada 12 faizi keçib. Texnologiyaların inki­şaf etdiyi, onsuz da atmosferin daha çox çirkləndirildiyi hazırkı dövrdə təmizliyə və sanitariya qaydalarına riayət etmək xüsu­silə vacibdir. Atılmış sellofanların flora və faunaya birbaşa mənfi təsir etməsi danıl­maz faktdır. Qlobal iqlim dəyişiklikləri fo­nunda təbiətə buraxılan istənilən zərərli maddə sağlamlığa böyük ziyan vurur. 

Hər bir şəhərin infrastruktur təməlin­də təmizlik dayanır. Təəssüf ki, paytaxtı­mızda son dərəcə zəruri olan bu tələbin pozulduğuna, məişət tullantıları ilə dav­ranmaq mədəniyyətinə məhəl qoyulma­dığına tez-tez rast gəlirik. Məsuliyyət həm də fərdi xarakterlidir. İstənilən insanın gəzinti zamanı ayaqüstü qida maddələ­rindən istifadə etdikdən sonra cığaranı, büküm kağızını, siqaret kötüyünü, tum paketini, plastik su və şirə qablarını zibil qutusuna deyil, ayaq altına atması özü də bir mədəniyyətsizlik faktıdır. Təəssüf ki, çoxları buna önəm vermir, bilərəkdən və ya bilməyərəkdən səkilərin, küçələrin, park və xiyabanların eybəcər hala düş­məsinə səbəb olurlar. Bu zaman ictimai qınağın, maarifləndirmə tədbirlərinin də elə bir təsiri olmur. Hətta inzibatı cəza­lar, cərimələr belə lazımi effekt vermir. Görəsən, bizdə bu laqeydlik, biganəlik haradandır?

Nəzərə almalıyıq ki, küçə və səkilərin çirkləndirilməsi təmizlik yaradan kommu­nal xidmət işçilərinin, xadimələrin ikiqat əziyyət çəkməsi ilə nəticələnir. Külək­li havalarda hara gəldi atılan tullantılar toza, torpağa qarışaraq meydanlarda, tinlərdə, dalanlarda elə dövrə vurub “rəqs” edir, sellofan torbalar havada elə uçuşur ki, gəl, görəsən. Torbalar bəzən insanın üst-başına yapışır, ağacların üstündə “yol­ka bəzəyi”nə dönür. Bəzi hallarda sellofan tullantılar ağacların yuxarı başına ilişib qalır ki, onları oradan götürmək çətin olur. Belə mənzərələrlə həm şəhərin mərkə­zində, həm də kənar ərazilərdə qarşılaşı­rıq. Məsələn, Mehdiabad istiqamətindən Balaxanıya doğru gedən yolda “sellofan qoşunu” məftilli hasarları elə bürüyüb ki, küləkli havalarda eybəcər şəkildə yellən­məsi ilə hansısa bir dəhşət filminin kadr­larını xatırladır. Mərkəzdən bir qədər aralı olan əksər yolların, hasar və çəpərlərin qıraqları atılmış müxtəlif əşyaların, sello­fanların “zibil sərgisi”nə dönüb. 

Bir müddət öncə marketlərdə sellofan torbalara görə əlavə ödəniş edilməsinə qərar verilib. Belə ki, ölçüsü 15-50 mik­ron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır. Lakin, görünür, bu addımın da elə bir faydası olmayıb. Əv­vəla, həmin torbaların qiyməti çox ucuz­dur, yəni yenə də gen-bol alınır, ikincisi də ki, apteklərdə, kafe və restoranlarda, sənaye malları mağazalarında, onsuz da həmin torbalardan havayı olaraq is­tifadə edilir. Evlərdə qalaq-qalaq yığılan torbalar da sonda tullantı olaraq, zibilxa­nalara daşınır və ən yaxşı halda, orada yanaraq məhv edilir. Bu isə atmosferin ol­duqca zərərli maddələrlə çirkləndirilməsi deməkdir və insan sağlamlığı üçün əlavə risklər yaradır.

Onu da xatırladaq ki, bəzi ölkələrdə sellofanlardan ifrat istifadəyə görə yük­sək cərimələr müəyyən edilib. Bizdə də bu, tətbiq olunsa, eko-torbalardan, tor çantalardan istifadə daha çox stimullaş­dırılar. Ümumiyyətlə, hər cür polietilen qablaşdırmadan imtina edilər. 

Fikrimizcə, bir çıxış yolu da alış-veriş­də tekstildən tikilmiş və daha uzunmüd­dətli istifadəyə yararlı olan, eləcə də hə­sirdən, kağızdan hazırlanmış torbalara, zənbillərə üstünlük verməkdir. Amma bu gün parça torbaların qiyməti bahadır. Bu torbaları alıcılara daha münasib qiymətə təklif etmək məqsədəuyğun olar. 

Müvafiq orqanlara gəlincə isə, onlar da şəhərin təmizliyinə daha həssas mü­nasibət bəsləməlidirlər. Tez-tez hökümə­tin ekoloji siyasətinə dəstək kampaniya­ları, iməciliklər keçirmək, maarifləndirici və cəza xarakterli tədbirlərin təsir gücü­nü artırmaq da lazımdır ki, ictimaiyyət öz gündəlik həyatına bir qədər tənqidi nəzər yetirsin. Belədə şəhər daha təmiz görünər, eyni zamanda, “Yaşıl dünya na­minə həmrəylik ili”ndən başlayaraq, küçə və meydanların gərəksiz tullantılardan xilasına nail olarıq.

Ceyhun MİRZƏLİ,
Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət