Özbəkistanda Azərbaycanla bağlı müsabiqəyə yekun vurulub

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 2023-cü il üzrə ölkə mətbuatında Azərbaycan, habelə iki ölkə arasında tarixi dostluq və əməkdaşlığa dair elan edilmiş müsabiqənin mükafatlandırma mərasimi keçirilib.

Bu il keçirilən mərasim Heydər Əliyev ilinə həsr olunub. 

AMM-nin direktoru Samir Abbasov ötən ilin yekunları, Azərbaycan-Özbəkistan arasında dostluq və əməkdaşlığın inkişafı, mədəni əlaqələr sahəsində xeyli tədbirin reallaşdılğını bildirib. O, Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində Azərbaycan mədəniyyəti həftəsi, Şuşa günləri, Azərbaycan kinosu günlərinin, Bakıda isə  Özbəkistan mədəniyyət günlərinin keçirildiyini qeyd edib. 

S. Abbasov dövlət başçılarımızın qarşılıqlı səfərləri, Azərbaycanın işğaldan azad olunan Füzuli rayonunda Özbəkistan dövlətinin layihəsi ilə məktəbin inşası, Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətə başlaması, Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq Muzeyində Azərbaycan guşəsinin yaradılmasını il ərzində yaddaqalan hadisələr kimi dəyərləndirib. 

Direktor  bu il müsabiqəyə “Heydər Əliyev və Türk dünyası”, “Özbəkistan”, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı nominasiyaların  daxil edildiyini dı söyləyib. 

      Özbəkistan Jurnalistlər İttifaqı sədrinin müavini Akbarjon Maqdiyev ölkələrimiz arasında mədəniyyət və mətbuat sahələrində əlaqələrin durmadan inkişaf etdiyini, müsabiqədə  2023-cü ilin Prezident Şavkat Mirziyoyev tərəfindən ölkədə “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunmasını nəzərə alaraq xüsusi nominasiya müəyyənləşdirildiyini qeyd edib. 

Daha sonra mükafatların verilməsi mərasimi keçirilib. 

Mərasimin sonunda Özbəkistan Dövlət Sənət və Mədəniyyət Universitetinin rektoru, dosent Eldor Şermanov, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçöhrə Rixsiyeva və Özbəkistanın Gənclərlə İş Agentliyinin “İbrat Farzandlari” layihəsinin rəhbəri Rüstəm Qoriyev çıxış edərək mükafatlara görə öz təşəkkürlərini bildiriblər.  

Xatırladırıq ki, müsabiqə 2013-cü ildən başlayaraq hər il təşkil olunur. Müsabiqədə elan olunan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan arasında dostluğa dair ən çox materiallar dərc edən mətbu orqanlar”, dövlət və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri AMM-nin fəxri diplom və pul mükafatlarına layiq görülürlər.

Tədbirin sonunda Azərbaycan milli musiqilərindən ibarət proqram təqdim olunub.

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       













Mədəniyyət