Azərbaycan alimi Ozbəkistanda tələbələr qarşısında mühazirələr oxuyub

post-img

     Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Özbəkistanın Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunda (KDPİ) Ulu Öndər Heydər Əliyev və Özbəkistan-Azərbaycan mədəni əlaqələri,  Azərbaycan folkloru və türk arealı, Azərbaycan şifahi xalq ədəbiyyatının növləri və janrları, folklor və tarix, qədim türk dastan və eposları,  özbək və Azərbaycan folklor tədqiqatçıları, folklor və  yazılı ədəbiyyat əlaqələri mövzusunda mühazirələr oxuyub. 

     Səfər çərçivəsində A. İbrahimova institutun rektoru, professor Dilnoza Xocayeva, beynəlxalq əməkdaşlıq üzrə prorektor Nigora Kadırova, filologiya fakültəsinin dekanı dosent Barno Həsənova, Özbək dili və ədəbiyyatı kafedrasının müdiri dosent Barnoxan Abdulrəhmanova və institutun professor-müəllim heyəti ilə görüşüb, özbək və Azərbaycan ədəbi əlaqələri, müasir folklorşünaslığın aktual problemlərindən danışıb. O, institutun Xatın Qızlar Komitəsinin sədri, dosent Zarifa Baytemirova və təşkilat üzvləri ilə görüşündə qadınlarımızın ölkənin siyasi və ictimai həyatında iştirakından, onların ailə və cəmiyyətdəki yeri və rolundan söz açıb. Dərslərdə aktiv iştirak edən və yüksək nəticələr göstərən tələbələrə sertifikatlar təqdim edilib.  

     Görüşlərdə Özbəkistan-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin tarixindən söhbət açılıb, elmi əlaqələrin perspektivlərindən danışılıb, hər iki ölkə arasında elmi əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Azərbaycan və Özbəkistan Prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin rəsmi səfərləri, imzalanan sənədlər, Azərbaycan və Özbəkistan əlaqələrinin  yeni tarixi mərhələyə qədəm qoyması, bu müstəvidə humanitar elm sahələrinin də özünəməxsus yeri olduğu vurğulanıb. Səfərin yekunu kimi KDPİ ilə AMEA Folklor İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.  

     Aynur İbrahimovaya KDPİ-nin filologiya fakultəsində verdiyi dərslər üçün rektor Dilnoza Xocayeva tərəfindən təşəkkürnamə verilib.

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Kokand       

 







Mədəniyyət