Azərbaycanın rus aktrisası

post-img

Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi...

Azərbaycan televiziyasında yaşlı bir aktrisanın ifasında Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri səslənəndə hamı diqqət kəsilərdi. Şeir, sanki, onun qaltanlı səsi üçün yazılmışdı. Maraqlı cəhət burası idi ki, mil­liyyətcə rus olan aktrisa şeiri dilimizdə məx­susi bir koloritlə ifa edirdi. O, Səməd Vurğun adına Rus Dram Teatrının aktrisası Vera Şirye idi. 

Atalığı Mirzə Səttarov onu doğma qızı kimi tərbiyə edib. Gənc qızda Azərbaycan dilinə, mədəniyyətinə, teatrına sevgi aşılayıb. Sonra Veranın bir bacısı da olub, adını Leyla qoyublar. Leyla ixtisasca həkim idi, Əməkdar həkim, respublika Ali Sovetinin ilk qadın de­putatı olub. Vera isə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. 

Veranın atalığının yaxşı səsi varmış. Bül­büllə dost olduğundan qızı ilə tez-tez opera teatrına, onun tamaşalarına gedirmişlər. Son­ra Vera indiki Rus Dram, o vaxtkı Bakı Fəhlə Teatrında işləməyə başlayıb.

Gəncliyi müharibə illərinə düşən aktri­sa hərbi hissələrdə, sənaye obyektlərindəki çıxışları ilə püxtələşmişdi. Yaradıcılığının ilk illərində qaynar nöqtələrdə çıxışlar edib. Bəlkə ona görə “Ana və poçtalyon” onun di­lində bu qədər təsirli alınırdı. Veranın oxudu­ğu şeirlər döyüşə gedən əsgərlərdə qələbəyə böyük inam yaradırdı. 

Aktrisa əsgərlərin yazıb ona verdikləri məktubları da yubatmadan ünvanına, sahi­binə çatdırırmış. Xüsusən də bakılıların mək­tublarını. 

Vera Şiryeyə Moskvada qələbə bayramın­da çıxış etmək də qismət olub. Amma çıxış zamanı göz yaşları ilə sevinc onun simasında bir-birinə qarışıb, çünki həmin vaxtlar Vera həyat yoldaşının “qara kağız”ını almışdı. Çıxışına həzin, kövrək duyğular qatdığı üçün ifası çox təbii alınmışdı. 

Vera Şiryenin Bakı səhnəsində yaratdı­ğı obrazlar arasında Nadejda Durova (“Na­dejda Durova” pyesi), Laurensiya (“Fuente ovexuna”,), Melanya (“Günəşin uşaqları”), Ana (“Bütün oğullarım”,), Şəhrabanu xanım (“Müsyö Jordan dərviş Məstəli şah”), kraliça Yelizaveta (“Mariya Stüart), Tereza ("Tereza­nın ad günü") və başqaları yaddaqalan olub, indi də xatırlanır. Ümumilikdə 200-dən artıq rol oynayıb. 

Onu hamı tanıyırdı və sevirdi. Onun Azərbaycan sevgisi bütün Azərbaycanın onu sevməsi ilə qarşılığını almışdı.

Vera Şirye sovet dövründə layiq görül­düyü çoxsaylı mükafatlarla bərabər, müstəqil Azərbaycanın “İstiqlal” ordeni ilə təltif edi­lib. Prezidentin fərdi təqaüdünə layiq gö­rülən mədəniyyət və incəsənət nümayəndələ­rinin birincilərindən olub.

Vera Şiryenin 85 illiyində ölkə rəhbəri Heydər Əliyev onu telefonla şəxsən təbrik edib. Ulu öndərin məktubundan: "Bizim res­publikamızda zəngin ənənələrə malik olan rus teatrının nail olduğu uğurlarında sizin xid­mətləriniz böyükdür. Bu teatrın səhnəsində siz, müxtəlif qütblərdən ibarət olan və bir-bi­rindən qəti surətdə seçilən, hətta teatr cərə­yanlarını öz yaradıcılığınızda böyük ustalıqla birləşdirə bilmisiniz. Məhz bunun sayəsində siz ifanızın ustalığı və orijinallığına görə ədə­bi teatr tariximizə daxil olan klassik obrazlar yarada bildiniz. Sizin Azərbaycan–rus mədə­ni əlaqələrinin sarsılmaz inkişafında zəhməti­niz yüksək qiymətə layiqdir".

Xalq artisti Vera Şirye 2003-cü il mayın 1-də 88 yaşında Bakıda dünyasını dəyişib. Fəxri xiyabanda dəfn edilib.

Ramilə QURBANLI
XQ

Mədəniyyət