Gülhüseyn Hüseynoğlu – “Mücrü”sü dolu yazıçı

post-img

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlunun 100 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib. 

Gülhüseyn Hüseynoğlunun “Mücrü”, “Ömrümüz boyu”, “Qatar gedir”, “Çə­tin yol”, “Yana-yana”, “Məhəbbətdirmi bu?”, “Müşfiqin yolu”, “Müsfiq”, “Etiraf”, “Bir ömrün çıraqları” adlı bədii kitabla­rı, monoqrafiyası, dərs vəsaiti və yüz­lərcə elmi-publistik məqalələri geniş oxucu kütləsi tərəfindən maraqla qar­şılanıb. O, şairliyi, yazıçılığı ilə yanaşı, böyük vətənpərvər olub. Aspiranturada oxuyarkən–1948-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan gizli təşkilatın yaradıcılarından biri kimi it­tiham edilərək, məhkəmə hökmü ilə 25 il­lik həbs cəzasına məhkum olunub və yal­nız 8 il sonra tam bəraət qazanıb. Mikayıl Müşfiqin tədqiqatı ilə geniş məşğul olan Gülhüseyn Hüseynoğlu ilk dəfə nakam şairin yaradıcılıq aləmini, özünəməxsus şair fərdiyyətini dissertasiyasında ətraflı araşdırıb. 

AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev onun taleyində mühüm rolu ol­muş Gülhüseyn Hüseynoğlunun iste­dadlı yazıçı, gözəl pedaqoq, saf ürəkli, sakit təbiətli insan kimi keyfiyyətlərindən bəhs edərək deyib ki, mərhumun işıqlı xatirəsi onu tanıyanların qəlbində hər za­man yaşayacaq.

Xalq yazıçıları Çingiz Adullayev və Elmira Axundova, AYB-nin katibi İlqar Fəhmi, Milli Məclisin Komitə sədrinin müavini Hikmət Babaoğlu, Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Ko­mitəsinin sədri, dosent Fikrət Şiriyev də Gülhüseyn Hüseynoğlu haqqında kövrək xatirələrini bölüşüblər.

Sonra tədbir iştirakçılarına Mədinə Abdullayeva və Qəmər Məmmədzadə­nin ifasında Gülhüseyn Hüseynoğlunun şeirləri əsasında “Yuxun şirin olsun” adlı kiçik səhnəcik təqdim olunub. Aktyor­lar Firəngiz Babayeva, Gülər Nəbiyeva, Hüseynağa Aslanov, Jalə Novruzova yazıçının şeirlərindən dəyərli nümunələr səsləndiriblər. “Ana” hekayəsinin motivlə­ri əsasında qısametrajlı film də nümayiş olunub. 

XQ



Mədəniyyət