Qırğız xalqının musiqisi

post-img

İKİNCİ YAZI

Qırğızlar tarixən ən qədim türk ellərinə mənsubdur. “Qırğız” etno­nimi hərfi tərcümədə “qırx oğuz”, yəni “qırx tayfalı el” deməkdir. Bu zaman “oğuz” sözü “tayfa” və “tayfaların birləşməsi” mənasın­dadır. 

Qırğızların etnik tarixi hun, sak və usun qəbilələri ilə bağlıdır. Qırğız tay­faları qədimdən Tyanşan dağlarında və Yenisey çayı ətrafında məskunlaşmış­lar. Bu qədim türk qəbilələri e.ə. VII əsr­də köçəri tayfa ittifaqları yaratmışlar. 

Hazırda onların müstəqil dövləti – Qırğızıstan Respublikası Mərkəzi Asi­yada, okeanlardan uzaq, materik daxi­lində və yüksək dağlıq regionda yerləşir. Dağlar ölkənin 80 faizini əhatə etdiyi üçün bu ölkəni bəzən “Mərkəzi Asiyanın İsveçrəsi” adlandırırlar. Əzəmətli Tyan­şan dağları, füsunkar İssıkkul gölü onun təbiətinin rəmzidir. 

Qırğızıstan tarixən ticarət yolları və müxtəlif imperiyaların – çin, fars, ərəb, hind və rus imperiyalarının qovuşduğu əhəmiyyətli bir yer olmuşdur. Ölkənin cənubundakı Oş şəhəri Mərkəzi Asiya­nın ən qədim yaşayış məskənlərindən biridir və qədim zamanlardan tanınır.

Qırğızıstan ərazisində VI əsrdə Türk Xaqanlığı mövcud olmuşdur. Bu dövrdə qırğız tayfalarının Səmərqənd və Buxa­ra ilə siyasi və mədəni əlaqələri güc­lənmişdir. Tarixin sonrakı dönəmlərində qırğızların Böyük Turan mədəniyyətinin inkişafında danılmaz xidmətləri olmuş­dur. Lakin bu gün bizim əsas mövzu­muz, təbii ki, qırğız musiqisi barədədir. 

Qeyd etmək lazımdır ki. qırğız xalq musiqisində əsasən üç janr-üslub is­tiqaməti formalaşmışdır: musiqili-poe­tik, instrumental musiqi və epos. Onları akınçılar (aşıqlara bənzər xalq şairləri və ifaçıları), manasçılar (qədim Manas eposunun söyləyicilərinə jomokçular da deyilir), ırçılar (xalq mahnı ifaçıları), ko­muzçular (üçsimli-dartımlı komuz ifaçı­ları), kiyakçılar (ikisimli-yaylı kıyak aləti ifaçıları) təmsil edirlər. 

Qırğızlar öz musiqisini oxunan ırlara və çalınan küülərə ayırırlar. “Küü” deyən­də xalq çalğı alətləri üçün havalar nəzər­də tutulur. Daha geniş yayılmış musiqi aləti üçsimli yaylı komuzdur. İkisimli mizrablı kıyak və dilli metal özənsəsli alət – temir ooz komuz, habelə ağacdan düzəldilən jıqaç ooz komuz da müasir dövrdə işlək alətlərdir. 

Qırğız xalq mahnısı “ır” və ya “obon” adlanır. Obon deyəndə, ilk növbədə mahnı mətnləri, yəni mahnının şeir tərəfi nəzərdə tutulur. 

Ən qədim mahnılar sayılan əmək mahnıları qırğızların maldarlıq məişəti ilə bağlıdır. Bu mahnıların böyük əksəriyyə­tini çoban mahnıları təşkil edir və onların da iki növü vardır. Bunlar “Bek-bekey” (qoyun sürülərini mühafizə edən qızların mahnıları) və “Şırıldan” (ilxıçı oğlanların mahnıları) adlı mahnılardır. Mahnıların hər ikisi öz məzmununa görə əmək pro­sesinin müşayəti ilə bağlıdır. 

Əkinçilik ilə bağlı xalq mahnılarına “Op mayda” misal ola bilər. Həmçinin ovçuluqla bağlı, habelə müxtəlif qadın əməyini əks etdirən mahnılar da möv­cuddur. 

Mərasim mahnıları içərisində ən ge­niş yayılanları toy və matəm mərasimi ilə bağlı olan mahnı və ağılardır. Qırğız xalq mahnılarının böyük hissəsini məişət mahnıları tutur ki, onlar həm məzmun, həm də ifadə vasitələri baxımından çox rəngarəngdir. Buraya bir sıra müstəqil janrlar (beşik ırları), uşaq, gənclik mah­nıları, lirik, satirik, oyun, məzəli mahnılar daxildir.

Məişət janrları arasında ən zəngin hissəni lirik mahnılar təşkil edir. Onlar da öz növbəsində bir sıra növlərə bö­lünür: məhəbbət, ailə, təbiət haqqında mahnılar. 

Qırğız ənənəvi mədəniyyətində akınların yaradıcılığı böyük yer tutur. Akın istedadlı xalq aşığıdır. O, şairlik, bəstəkarlıq və ifaçılıq istedadına malik, simli musiqi aləti olan komuzda və ya kıl-kıyakda ifa və improvizasiya etməyi bacaran ifaçıdır. 

Akınlar mükəmməl yaddaşa, dərin düşüncəyə, artistik istedadına malik olurlar. Oba-oba gəzərək cəmiyyətin mənfi və müsbət tərəflərini aydın görən və hiss edən akınlar bütün bunları öz satirik və tənqidi mahnılarında təcəssüm etdirirlər. 

Hər akının özünün rəngarəng reper­tuarı olur. Burada da onların nüfuzu və bənzərsizliyi özünü büruzə verir. Onların repertuarına epik əsərlər, mahnı-yarışlar (aytıslar), nümunəvi mahnılar, nəsihət mahnıları, təbrik mahnıları və s. daxildir. 

Məşhur qırğız akınları içərisində Jaysan Toktokul-irçı, Toqolok Moldi, Toktoqul Satılqanov və başqalarının adı­nı çəkmək olar. 

Bu məqamda xüsusi vurğulamaq la­zımdır ki, qırğızların böyük milli sərvəti sayılan “Manas” xalq hikmətinin qızıl xə­zinəsidir və burada qırğız xalqının 3 min ildən artıq qədim tarixi və zəngi mədə­niyyəti əks olunub. Yeri gəlmişkən, ma­nas sözünün mənası əsl insan, ilk insan mənasındadır. 

“Manas” dünyada ən uzun epos he­sab olunur. Hazırda bu nəhəng eposun üç hissəsinin 65 yazılı variantı mövcud­dur və onlar bir-birindən bitkinlik dərəcə­sinə görə fərqlənir. Türk xalqlarının digər eposlarından fərqli olaraq, “Manas” əv­vəldən axıra kimi şeirlə söylənilir. 

“Manas” janr xüsusiyyətinə görə qəhrəmani eposdur. Əsas mövzu və mərkəzi ideya – qırğız xalqının həya­tında baş vermiş ən vacib, taleyüklü ha­disələrin açılmasıdır. Burada qırğızların öz azadlığı uğrunda yadelli işğalçılara qarşı mübarizəsindən bəhs olunur və məhz buna görə də eposda döyüş səh­nələri əhəmiyyətli yer tutur. 

“Manas” eposunun qorunmasın­da və bu günə kimi gəlib çıxmasında onu nəsildən-nəslə ötürən manasçılar müstəsna rol oynamışlar. Yuxarıda qeyd etdiyimiz kimi, onları xalq arasında “jo­mokçu” da adlandırırlar. 

Manasçıların hekayət forması – inst­rumental müşayiəti olmayan solo-reçita­tivdir. Bu zaman hekayətin söyləniş tonu sakit, təmkinli ifadə tərzindən həyəcanlı, yeri gəldikcə coşqun, hətta qəzəbli bir ifa çalarına qədər dəyişir. Bu cür ifa ma­nerası bir aktyorun teatrını xatırladır. 

Qırğız epik hekayəti – jırın şeir əsa­sında 7 hecalı xorey misrası durur. Bu zaman onun çoxlu variantları meydana çıxır ki, bu da təbiidir. Çünki istənilən şifahi xalq yaradıcılığı variantlı inkişaf prinsipinə əsaslanır. Manasçının he­kayəti zamanı şeir misralarının sayı müxtəlif olur, qafiyələr isə ardıcıl olma­ya bilər. Çox vaxt 6-10 misra bir qafiyə əsasında birləşir ki, bu zaman eyni eyni sözlər təkrarlanır. 

“Manas”ın musiqili hekayətinin əsa­sında 2 növ reçitativ durur: 1) 7 hecalı şeir misralarının dəqiq ritmə malik dek­lamasiyası; 2) Daha çox şeir misraları­nın iti templə deklamasiyası. Bu zaman axırıncı hecalar uzadılaraq tələffüz olu­nur. 

Qırğız xalqının etnik musiqisi uzun əsrlər boyu şifahi şəkildə nəsildən-nəs­lə ötürülmüşdür. Digər türk və ümumən şərq xalqlarından fərqli olaraq (məsələn, özbək, azərbaycanlı və türklərdən) bu musiqiyə məqam mürəkkəbliyi və me­lizmatik xırdalıqlar, başqa sözlə ənənə­vi “şərq ekzotikliyi” səciyyəvi deyil. Bu musiqi melodik üslubuna görə sadədir. Strukturunda yeddi-səkkiz hecalı şeir quruluşunun izləri aşkar hiss olunur. 

Qırğız musiqisi diatonikdir, onun əsasında 7 pilləli diatonik ladlar durur, əsasən işıqlı lirik-epik xarakterə malik­dir. Lakin canlı ifa zamanı tersiya inter­valı gah böyük, gah da kiçik səslənir və bunun nəticəsində eyni havanın ovqatı da dəyişir və bu da qırğız musiqisi 2üçün səciyyəli bir hal hesab olunur. 

Qırğız musiqisində əsasən miksoli­dik (mayor yönümlü), eolik (natural mi­nor) və daha az dorik, nadir halda friqik ladlara təsadüf olunur. Çox vaxt bu lad­ların oktava quruluşu pozulur ki, bunu da “məsafəarası xromatizmlər” yaradır. 

Rus və sovet bəstəkarları qırğız musiqisinə böyük maraq göstəriblər. Belə bir faktı nəzərinizə çatdırmaya bilmərəm. Belə ki, Qırğızıstana səfəri zamanı rus musiqisi ilə qırğız musiqisi arasında dərin bağlılığı yaxşı hiss edən dahi rus sovet bəstəkarı D.Şostakoviç 1963-cü ildə “Rus və qırğız xalq möv­zularına Üvertüra” yazmışdır. Başqa xalqların musiqisi əasında, demək olar ki, əsər yazmayan Şostakoviçin məhz dahiyanəə intuisiyası onu belə bir qırğız üvertürası yazmağa ruhlandırmış və bu gözəl əsər çox qısa müddətdə ərsəyə gəlmişdir. 

Burada bir neçə kəlmə də qırğızla­rın musiqi alətləri barədə söz açamağa ehtiyac var. Böyük inkişaf yolu keçmiş qırğız xalqının musiqi alətləri digər türk xalqlarının alətlərinə qohumdur. 

Qırğızların ən qədim, işlək və geniş yayılmış musiqi aləti –komuzdur. Komuz həm solo, həm də müşayətçi alətdir və ifa texnikası kifayət qədər yüksəkdir. Ox­şar ikisimli alətlərdən fərqli olaraq, qırğız komuzunun üç simi var. Üçsimli olması komuzda çoxsəsli ifaya imkan yaradır ki, bu da qırğız instrumental musiqisinin va­cib xüsusiyyətidir. 

Qıl-kıyak qazaxların qız-kobizi ilə ey­nitipli alətdir. İkisimli kamanlı alətdir ki, bu qalın tüklər at tükündən hazırlanır. Qıl-kıyak solo alətdidir və kvarta-kvinta kökünə malikdir. 

Qırğızların nəfəs alətləri sırasına çoor, çopo-çoor, sıbızğı, surnay və kərə­nay daxildir. Dobulbas isə yumru for­mada olan birtərəfli barabandır. Onun güclü, davamlı səsi hərbi yürüşlərdə və təlimlərdə, yaxud sakral mərasimlərdə siqnal vəzifəsi daşıyır. 

Lalə HÜSEYNOVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

Mədəniyyət