Həyatın sərt üzünü görən rəssamın “Sərt üslubu”

post-img

Tahir Salahov – 95

Xalq rəssamı, professor Tahir Salahovun 95 illik yubileyi münasibətilə görkəmli sənətkarın Ev-muzeyində tədbir keçirilib. 

Azərbaycan Milli Konservatoriyası tərkibindəki İncəsənət Gimnaziyası, “Aytam” Nərimanov rayonun uşaqları mədəni maarifləndirmə birliyi və KamaləArt qalereyasının birgə təşkil etdiyi mərasimdən əvvəl iştirakçılar Xalq rəssamının xatirəsinə həsr edilmiş sərgiyə baxıblar. Onun həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub. Ardınca gimnaziyanın şagirdləri və “Aytam” birliyinin uşaqları konsert proqramı təqdim ediblər. 

Tahir Salahovun hələ özünün sağlı­ğında yaratdığı Ev-muzeyinin direktoru­nun dediyinə görə, bura əvəllər rəssamın yaradıcılıq emalatxanası olub. 

Ailələrində ondan başqa dörd uşaq böyüyürdü: iki qardaş, üç bacı. Sovet hökumətinin bütün varidatını əlindən aldı­ğı atası əvəzində, onlardan iş istədi. İşlə təmin etdilər, amma 1938-ci ilin iyulunda gecə ilə “xalq düşməni” damğası ilə ev­dən apardılar. Ailə zülm-zillət içində qaldı.

Tahir Salahov Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, sonra isə Moskva Surikov adına Rəssamlıq İnstitutunu biti­rir. Orada oxuduğu vaxt atasının bəraət almasına çalışır. Nəhayət, buna nail olur.

Gələcək rəssam hələ 3-cü kursda oxuyanda Bakıda açılan respublika təsvi­ri sənət sərgisində “Ləpə” və “Estakada” adlı əsərlərini nümayiş etdirir. Diplom işi isə “Növbədən qayıdanlar” tablosu olur. O vaxt Moskvada çıxan “İskusstvo” jurna­lı yazırdı: “Tablo çox koloritlidir”. 

Sənətşünasların fikrinə görə, Tahir Salahov məhsuldar işləyən rəssam olub. Onun əsərlərində çox böyük sadəlik, sə­mimilik var. Bu da sənətkarın ustalığın­dan irəli gəlir. Ən adi tamaşaçı belə, o əsərlərdən nə isə götürə bilər. 

Onun rəsm əsərlərinin adlarına fikir verin: “Təmirçilər”, “Səhər qatarı”, “Re­zervuar parkı”, “Pəncərə”, “Neftçi port­reti”, “Quraşdırıcılar”. Hər birində sovet rejiminin sifarişi olsa da, insan amilinə üstünlük verilib. SSRİ Dövlət mükafa­tına layiq görülmüş Tahir Salahov port­ret janrında da gözəl əsərlər yaradıb. Onun “Anamın portreti”, “Aydan”, “Qara Qarayev”, “Mirzə Ələkbər Sabir”, “Fikrət Əmirov”, “Rəsul Rza” və sair əsərləri bu qəbildəndir. 

Rəssam öz ailə həyatını da tabloları ilə, sanki, tərcümeyi-hal kimi yaradıb. Qı­zına və həyat yoldaşına həsr etdiyi “Ala­göz–Şərqin əfsanəsi”, “Aydan–Şərqin uldizu”, “Varya qırmızı divanda”, “Varya qırmızı papaqda”, “Varya Pikasso palta­rında” əsərləri buna misal ola bilər. 

Tahir Salahov Azərbaycan Ressam­lar Birliyində katib, Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim, Mosk­va Dövlət Universitetində kafedra müdiri, SSRİ Rəssamlar Birliyində birinci katib vəzifələrində işləyib. 1997-ci ildə Rus Rəssamlıq Akademiyasının vitse-prezi­denti seçilib. Əsərləri dünyanın bir çox ölkələrində nümayiş etdirilib. 

O, “Sosialist Əməyi Qəhrəmanı” adı alıb. Azərbaycan, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin orden, medal və mükafatlarına layiq görülüb. “Ölməzlər Akademiyası” adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən seçilən 3 nəfərdən biri Tahir Salahov olub. O, həm də Amerika Birləşmiş Ştat­larının bir neçə şəhərinin və Montana şta­tının fəxri vətəndaşı olub. 

Sanki, bütün bu həyat hekayəti 3 mərtəbəli Ev-muzeyinin divarlarına yazı­lıb. Səadət xanım bizə bələdçilik edir:

–10 il ərzində Tahir müəllimlə gəz­mədiyimiz, sərgi keçirmədiyimiz ölkə qalmadı. Xalçalarını, rəsm əsərlərini özü sərgiləyirdi. Çox maraqlı şəxsiyyət idi. Biz ondan çox şey öyrəndik. Sevinirəm ki, bu gün onun bizə yadigar qoyduğu ev-muze­yini rəssamın adına layiq inkişaf etdiririk. 

Dünyaca tanınmış azərbaycanlı rəs­sam 2 il öncə 92 yaşında vəfat edib. Ba­kıda Fəxri xiyabanda dəfn olunub. Dəyəri əsərlərində, xatirəsi ürəklərdə yaşayır. 

R.QURBANLI
XQ

Mədəniyyət