Tovuzda Aqrar İnnovasiya Festivalı keçirilib
Tovuzda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi toxum sərgi-satış yarmarkasında Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Göygöl, Samux rayonlarının DAİM rəhbərləri və 1500 fermer, toxumçular, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək deyib ki, kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, toxumçuluğun inkişafına da diqqət yetirilir. Bu gün rayonda keçirilən toxum sərgi-satış yarmarkası rayon və ətraf bölgələrdən olan fermerlərə keyfiyyətli toxum almaq üçün böyük imkanlar yaradır. Çünki məhsuldarlığı artırmaq üçün fermerlər keyfiyyətli toxuma üstünlük verməlidirlər. Rayon rəhbəri “gərək toxumu elə seçəsən ki, sonradan peşimançılıq çəkməyəsən” deyərək fermerləri diqqətli olmağa çağırıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, bu gün toxum istehsalında müasir innovasiyalardan istifadə olunur, müxtəlif iqlim şəraitinə uyğun toxumlar yetişdirilir. Ən əsası fermerlərin sərbəst seçim etmək imkanı var və regionlarda keçirilən yarmarkalar belə imkanlardan biridir.
Festivalda aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, həmçinin nazirliyin və digər dövlət qurumlarının mütəxəssisləri tərəfindən fermerlər üçün aqrar sığorta, bitkiçilik və heyvandarlıq, dəqiq əkinçilik, “ağıllı” kənd təsərrüfatı sistemləri, ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri, kənd təsərrüfatının inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər barədə məlumatlar verilib.
Sonra aqrar sahədə innovativ məhsul, avadanlıq və texnologiyalar nümayiş etdirilib, toxum sərgi-satışı, kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri və aqrar sahəyə məxsus digər məhsullar sərgilənib.
Fermerləri maraqlandıran suallar cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Tovuz