Klassik poeziya və musiqimiz – Şərqin mədəni “İpək yolu”

post-img

Dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Səfiəddin Ürməvinin 825, Əbdülqadir Marağayinin 670, Mir Möhsün Nəvvabın 190 illiyinə həsr olunmuş “İslam dünyasının və Azərbaycanın klassik poeziyası və musiqisi mədəniyyətlərarası səsləşmənin “ipək yolu” kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Muzeyin direktoru, akade­mik Rafael Hüseynov anadan olmasının 100 illiyi ölkəmiz­də və xaricdə il boyu geniş qeyd olunan ümummilli lider Heydər Əliyevin Azərbaycanın görkəmli klassiklərinin yubiley­lərinin yüksək səviyyədə qeyd edilməsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. Bu ənənənin davamı olaraq Azərbaycanın üç böyük şəx­siyyətinin – Səfiəddin Ürməvi, Əbdülqadir Marağayi və Mir Möhsün Nəvvabın yubileylə­rinin ölkəmizdə qədirbilənliklə qeyd edilməsinin önəmini vur­ğulayan akademik bildirib ki, onların risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılı­ğının yüksək inkişaf səviyyəsi açıqlanıb, Azərbaycan musiqi­sinin nəzəri problemləri ilkin olaraq işlənilib. 

Bildirilib ki, XIII–XV əsr­lərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Ürməvi və Əbdülqadir Ma­rağayinin adları ilə bağlıdır. Ürməvinin yazdığı “Kitab əl-Ədvar” və “Şərəfiyyə” ri­salələrində Azərbaycanda musiqi elminin əsası qoyulub və onun gələcək inkişafı üçün zəmin yaradılıb. Mir Möhsün Nəvvab isə Qarabağ ədə­bi-mədəni mühitinin inkişafın­da özünəməxsus rolu olmuş ensiklopedist, zəngin ədəbi irs müəllifidir.

Mərasimdə akademik Ra­fael Hüseynovun “Müsəlman Şərqi ədəbiyyatı və musiqi­şünaslığında Azərbaycan məktəbləri”, professor Şəfəq Əlibəylinin “Məhəmməd Fü­zuli nəzmində musiqi alətləri akustik obrazlarının funksi­onal-stilistik xüsusiyyətləri”, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məm­mədova “Səs təqlidi leksemlər və idiofonlar söz yaradıcılığı müstəvisində”, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq “Əbdülqadir Marağayinin əsərlərinin müasir musiqişü­naslıqda tətbiqi” məruzələri dinlənilib. Professor Kamil Allahyarov İslamda musiqinin qadağan olunma səbəblərini açıqlayıb.

Beynəlxalq konfrans işini bölmələr üzrə davam etdirib.

Qabil YUSİFOĞLU
XQ

Sosial həyat