Dünən Azərbaycan milli mətbuatının və ölkədə peşəkar teatrın əsasını qoymuş, mədəni tərəqqi yolunda bir sıra sivil özüllər yartmış Həsən bəy Zərdabinin əbədiyyətə qovuşmasının 116-cı ildönümü günündə keçirilən anım mərasimlərində böyük maarifçi-demokratın işıqlı xatirəsi dərin ehtiramla yad edildi, tarixi xidmətlərinə qədirbilənliklə nəzər salındı.
Paytaxtın və Həsən bəyi xalqımıza bəxş etmiş Zərdab rayonunun bir qrup zərdabisevər gəncinin Nizami kino mərkəzində təşkil etdiyi mərasimdə Media Agentliyinin sifarişi ilə İctimi Televiziyanın ərsəyə gətirdiyi “Əkinçinin doğru sözü” bədii-sənədli filminə baxış keçirildi. Ssenari müəllifi Müqədəs Şahbazov, rejissoru İlkin Şirinli və operatoru Orxan Qurbanlı olan yeni ekran əsərində xalqımızı XX əsrin istiqlal savaşına hazırlamış böyük mütəfəkkirin mübarizələrlə dolu həyat yolu, sonsuz Vətən sevgisi, müqəddəs amalının əhatəli əksi gənc nəslin təmsilçilərində geniş bilgi və unudulmaz təəssürat yaratdı.
Mərasimin təşkilatçısı zərdabisevər Ramil Mediyev və zərdabişünas Eldəniz Həsənov filmin nümayişindən sonra orijinal ekran əsərini azadlıq və tərəqqi aşiqi olmuş Zərdabinin kinoda mükəmməl bədii obrazının yaradılmasına doğru atılmış uğurlu addım kimi dəyərləndirdilər.
Sonra mərasim iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və böyük xalq xadimi Həsən bəy Zərdabinin məzarlarını ziyarət etdilər. Ölkəmizdə doğru sözün and yerinə çevrilmiş Həsən bəyin əbədi məkanında çıxış edən zərbabişünas jurnalistlər Tahir Aydınoğlu və Akif Aşırlı milli mətbuatımızın banisinin azərbaycançılıq məfkurəsinin əsaslarının yaradılmasında müstəsna xidmətlərini qeyd etdilər, bu misilsiz şəxsiyyətin həyat və mübarizəsinin yeni nəsillər üçün mükəmməl bir örnək olduğunu vurğuladılar.
Anım mərasimində bildirildi ki, Zərdabinin Azərbaycanın müstəqil və sivil bir məmləkət olması ilə bağlı ən böyük arzuları çağdaş dövrdə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin tarixi səyləri ilə gerçəkləşib. Bu tarixi nailiyyət xalqının bəlalı taleyi ilə bağlı həyatdan nakam və narahat köşmüş Həsən Bəy Zərdabinin ruhuna ən böyük rəhmətdir.
Tahir RÜSTƏMLİ
XQ