HƏMAS ilə İsrail arasında müharibəyə nə vaxt son qoyula bilər? Bu suala birmənalı cavab vermək çətindir. Hər halda bölgədə sülhə olan ümidlər artır. Dünən Qətər dövlətinin rəsmisi Qəzzada atəşkəsin daha iki gün uzadılacağını bəyan edib. Bu barədə BBC məlumat yayıb.
Qeyd edək ki, dördgünlük atəşkəs bazar ertəsi başa çatmalı idi və İsrailin daha çox fələstinli məhbusu, HƏMAS-ın isə daha çox girovu azad edəcəyi gözlənilirdi. Hələlik hər iki tərəf öhdəliklərini tam yerinə yetirməyib.
Məlum olduğu kimi, altı həftəlik müharibədən sonra qüvvəyə minən ilkin razılaşmada HƏMAS tərəfindən 50 girovun azad edilməsi, İsrailin isə 150 fələstinli məhbusu sərbəst buraxması nəzərdə tutulurdu. Eləcə də bu müddət ərzində bütün hərbi əməliyyatlar dayandırılmalı idi.
Qəzzada döyüşlər, həqiqətən, dayandırılıb. Amma yuxarıda qeyd etdiyimiz kimi, girov və əsirlərlə bağlı vədlər tam yerinə yetirilməyib. Bunun səbəbləri açıqlanmayıb.
Fakt budur ki, BMT nümayəndəsi bazar günü axşam saatlarında, ümumilikdə, 39 israillinin, 117 fələstinlinin və 19 xarici vətəndaşın azad edildiyini bildirib. HƏMAS-ın girovluqdan azad etdiyi şəxslər arasında amerikalı qız da var.
Yeri gəlmişkən, ABŞ Prezidenti Co Bayden oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı valideynləri öldürülən 4 yaşlı amerikalı qızın azad edilməsini alqışlayıb. Qlobal mediada bu barədə çox sayda şərhlər var.
Dünən ABŞ və İsrail liderləri telefonla regiondakı vəziyyəti müzakirə ediblər. Ağ evin bununla bağlı bəyanatında deyilir ki, Prezident Co Bayden və Baş nazir Binyamin Netanyahu girovların azad edilməsindən danışıblar. Onlar Qəzza zolağına əlavə humanitar yardımın artırılması məsələsini də müzakirə ediblər.
Xatırladaq ki, HƏMAS ilə İsrail arasında son cümə günündən başlanan müvəqqəti dördgünlük atəşkəs HƏMAS-ın oktyabrın 7-də İsrailə qəfil hücumu nəticəsində 1200 nəfərin ölümü və 240-a yaxın insanın girov götürülməsindən sonra başlanan müharibədə ilk fasilədir.
Fələstinlilərin itkiləri isə qat-qat çoxdur. Belə ki, silahlı qarşıdurmada 14 mindən çox Qəzza sakininin həyatını itirdiyi bildirilir. Yaralananların sayının isə 30 mini keçdiyi ehtimal olunur.
Qəzzada silahlar hələlik sussa da, regionda müharibə faktiki olaraq davam edir. Dünən İsrailin döyüş təyyarələri Dəməşq Beynəlxalq Hava Limanına ağır zərbələr endiriblər.
Bu barədə xəbərdə həmçinin deyilir ki, İsrail qırıcıları Dəməşq Beynəlxalq Hava Limanı və Suriyadakı bir sıra hərbi obyektləri hədəfə alıblar. Suriya rəsmiləri itkilər barədə məlumat verməyib, lakin qarşı tərəfin bütün təyyarələrinin “məhv edildiyini” açıqlayıb.
Bu arada, Qətərin paytaxtı Dohada İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar İdarəsinin (MOSSAD) rəhbəri David Barneanın ABŞ-dan olan həmkarı Bill Börnslə görüşdüyü barədə məlumat yayılıb. Tərəflər Yaxın Şərqdəki müharibəni, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Görüşdə Misirin rəsmi nümayəndəsinin də iştirak etdiyi bildirilir. Lakin bu tədbirdə Misiri kimin təmsil etdiyi açıqlanmayıb.
Türkiyə dövləti isə fələstinlilərə humanitar yardımlarını davam etdirir. Bu arada, türkiyəli mütəxəssislərdən ibarət nümayəndə heyətinin Qəzzada səhra xəstəxanasının qurulması üçün hazırlıq işləri aparmaq məqsədilə bölgəyə gəldiyi məlum olub. Türkiyəli diplomat bildirib ki, rəsmi Ankara xəstəxananı tez bir zamanda istifadəyə verməyi planlaşdırır. Məlumatı TASS agentliyi yayıb.
Qeyd edək ki, HƏMAS-la müharibə İsrailə baha başa gəlir. Bu ölkənin Mərkəzi Bankının hesabatında qeyd edilir ki, İsrail HƏMAS-la müharibəyə artıq 198 milyard şekel (53 milyard ABŞ dolları) xərcləyib.
Daha əvvəl isə qeyd edilmişdi ki, İsrail ordusunun HƏMAS-a qarşı gündəlik hərbi əməliyyatlarına təxminən 260 milyon ABŞ dolları həcmində vəsait xərclənir. Yəni İsrail üçün bu müharibəni davam etdirmək heç də sərfəli deyil.
Rəsmi Təl-Əviv isə HƏMAS-ı sonadək cəzalandırmaq niyyətində olduğunu bildirir. Bununla yanaşı, sülh danışıqları ilə bağlı hər iki tərəfə təzyiqlər artırılır.
M.HACIXANLI
XQ