Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərdə nümayiş etdirilib

post-img

Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çinin Şanxay, Quançjou və Çenqdu şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib. Tədbirlər 9-13 noyabr tarixlərini əhatə edib.

XQ xəbər verir ki, silsilə tədbirlərdə Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları” QSC, "Baku Marriott Hotel Boulevard", "Gabala Hospitality Group", "Hilton Baku", "Hyatt Regency Baku", “Badamdar Hotel & Residences” hotelləri və 10 yerli turizm şirkəti təmsil olunub.

Tədbirlərdə Çindən olan 150-dək turizm sektoru nümayəndəsini bir araya gəlib. Azərbaycanın müxtəlif turizm təkliflərini əhatə edən təqdimatlar və videoçarxlar nümayiş etdirilib. İnteraktiv sual-cavab sessiyalarında iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb. Həmçinin B2B formatlı görüşlər təşkil olunub.

Qeyd edək ki, Azərbaycan, həmçinin 15-17 noyabrda Pekində keçiriləcək beynəlxalq Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM) sərgisində təmsil olunacaq.

 

Rizvan FIKRƏTOĞLU

XQ





Mədəniyyət