İrəvan teatrının tarixi
“İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin “Qərbi Azərbaycanın mədəni irsi” layihəsi əsasında “İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi” adlı elmi-tarixi, publisistik monoqrafiya çap olunub.
Kitabın müəllifi Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyevdir. Monoqrafiya Azərbaycan teatr sənətinin inkişafına əvəzsiz töhfələr verən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaranma tarixini, təşəkkül və inkişaf mərhələlərini əhatə edir.
Teatrın həm İrəvan dövrünün, həm də deportasiyadan sonra Bakı şəhərində məskunlaşdığı illərdə fəaliyyətinin sənətşünaslıq tariximizdə ilk dəfə təcəssüm etdirildiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”na töhfədir.
Muğam sorağında
Vaqif Rüstəmovun ustad xanəndə Dədə Süleymanın ömür və sənət yoluna həsr olunmuş “Səsin sorağında…” kitabı işıq üzü görüb.
Uzunmüddətli axtarışdan sonra Seyid Şuşinskinin yetirməsi olmuş Süleyman Abdullayevin “Qızıl fond”da saxlanılan ifalarını, mahnı və muğamlarını diskdə ərsəyə gətirə bilən müəllif ona hələ sağlığında söz verdiyi kitabı da artıq oxuculara təqdim etdi. Vaqif Rüstəmovun “Qaçaq Süleyman” və “Səsverən qaya” tarixi romanlarından sonra qələmə aldığı bu növbəti irihəcmli bədii-publisistik əsəri “Ön söz” və epiloqdan, ayrı-ayrı başlıqlarla verilmiş 10 fəsildən ibarətdir. Kitabda unudulmaz sənətkar, Əməkdar artist Süleyman Abdullayevin özünəməxsus səsi və ifa tərzindən bəhs olunur, onun əziz xatirəsini bütün muğamsevərlərin əziz tutduğu göstərilir.
“Səsin sorağında…” kitabı “İmza” Nəşrlər Evundə çap edilib.
Qarabağ ağrıları
Şair Nazilə Gültacın nəsr əsərlərindən ibarət ilk kitabı “Şəhid atası” adlanır.
Eyni adlı povestlə açılan kitabdakı nümunələr maraqlı süjeti, gerçək məzmunu, həyati problematikası ilə oxucunu düşündürür, xeyirxahlığa səsləyir. Həcmcə o qədər də böyük olmayan bu hekayələr uzun illərdən bəri həkim işləyən müəllifin böyük şəfqət duyğuları ilə yazılıb.
“Şəhid atası” povesti arxa cəbhə insanlarının övlad itkisindən doğan ölçüyəgəlməz ağrısından, təvazökarlığından danışır. Əsər saxta vətənpərvərlik demaqogiyasından, bayağı qəhrəmanlıq ritorikasından uzaqdır. Nazilə Gültac şəhidi də, onun ailə üzvlərini də necə varsa, elə, bəzək-düzəksiz təsvir eləməyə, şəhadətin təkcə ön cəbhə deyil, həm də arxa cəbhədə olduğunu göstərməyə çalışıb və və buna uğurla nail ola bilib.
XQ



