“Şuşa: Türkün zirvəsi” filmi Daşkənddə

post-img

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “İsmayıllı yazarları” Ədə­bi-İctimai Birliyinin hazırladığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə ərsəyə gələn layihənin müəllifi Şahməmməd Dağlaroğlu, ssenari müəllifi və rejissoru Etibar Məmmə­dov, redaktoru Büllur Məmmədovadır. 

Əvvəl filmin yaradıcı heyəti Daşkənd şəhərindəki Heydər Əliyev parkında Ümummilli Lideri Heydər Əliyevin xatirə­sinə ucaldılan abidəsi və Ulu Öndərin AMM-nin qarşısında­kı abidəsi önünə gül dəstələri qoyublar. 

Təqdimatda Mərkəzin əməkdaşı Kərim Məmməd­zadə “Şuşa: Türkün zirvəsi” sənədli filminin əhəmiyyəti haqqında danışıb, ekran əsə­rinin Daşkənddə təqdimatının keçirilməsindən məmnun oldu­ğunu bildirib. 

Təqdimat mərasimində Şahməmməd Dağlaroğlu öz çıxışında deyib ki, “Şuşa: Tür­kün zirvəsi” sənədli filmində bu qədim şəhərin yaranması, mədəniyyət və təhsil mərkəzi kimi formalaşması, XIX əsr­də baş vermiş müxtəlif siyasi kataklizmlərin Şuşaya təsiri, XX əsrin müxtəlif tarixi dövrlə­rində Şuşanın ermənilər tərə­findən hücumlara və şəhərdə dinc əhalinin qırğınlara məruz qalması, XX əsrin sonlarında Şuşanın işğalı, şəhərdəki ta­rixi-dini abidələrin dağıdılması, özününküləşdirilməsi və özgə­ninkiləşdirilməsi, həmçinin 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edil­məsi barədə ətraflı məlumat verilir.

Filmin redaktoru Büllur Məmmədova isə qeyd edib ki, sənədli filmdə şəhərin məhz Türk dünyasının ayrılmaz par­çası olduğu, Şuşadan çıxmış görkəmli şəxsiyyətlərin Türk dünyasının bütövləşməsi uğ­runda yorulmaz fəaliyyətləri konkret tarixi faktlarla göstəri­lir. 

Filmdə Ermənistanın Azər­baycana qarşı təcavüzünün Özbəkistan tərəfindən hər za­man və bütün formatlarda pis­ləndiyi, Azərbaycanın ədalətli mövqeyini və 44 günlük Vətən müharibəsi dövründə Azər­baycan xalqının işğalçılara qarşı mübarizəsini dəstək­lədiyi, işğaldan azad edilmiş Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərində Azər­baycana qardaş köməyi etdiyi xüsusi vurğulanır.

 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Mədəniyyət