Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini ölkə Prezidentinə təqdim edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

 

Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov etimadnaməsini bu ölkənin Prezidenti İliana Yotovaya təqdim edib.

XQ xəbər verir ki, etimadnamənin təqdim olunması mərasimində səfir Elmar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını İliana Yotovaya çatdırıb.

Səfir Bolqarıstanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib, iki ölkə arasında dostluq münasibətləri və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib.

Etimadnamələrin təqdim edilməsindən sonra keçirilən görüşdə İliana Yotova Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Tərəflər 2015-ci ildə Azərbaycan və Bolqarıstan arasında yaradılmış strateji tərəfdaşlığın əhəmiyyətini bir daha qeyd edib, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.





Siyasət