Yaradıcılıq qurumunda Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər davam edir
“Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Azərbaycan Rəssamlar İttifaqı ölkə daxilində və xaricdə müxtəlif sərgilər, təqdimatlar keçirir. İttifaqın sərgi salonu 1 gün belə boş qalmır. Qarşıda keçirəcəyimiz tədbirlər də çoxdur”.
Bu fikirləri XQ-yə açıqlamasında Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağaəli İbrahimov dedi. O daha sonra bildirdi:
– Bu günlərdə Naxçıvanda Ulu öndərin 100 illiyi ilə bağlı beynəlxalq festival təşkil olunub. Sonra “Azərsu” ASC ilə birlikdə həm uşaqların, həm də xalq rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib. Heydər Əliyevin 100 illiyi ilə bağlı Rəssamlar İttifaqında fərdi sərgilər təşkil edilir. Həmin sərgiləri Mədəniyyət Nazirliyi və Xətai Sənət Mərkəzi birlikdə keçirir. Mart ayında Sənət Mərkəzində 2 gün ardıcıl həvəskar rəssamların sərgisi oldu. Onun ardınca həmin salonda müsabiqə sərgimiz də keçirildi və yüzlərlə əsər nümayiş etdirildi. Bu, rəssam olmaq istəyən istedadlı uşaqlara, həvəskar rəngkarlara böyük stimul idi. Qaliblərə Xətai Rayonİcra Hakimiyyətinin hədiyyələri təqdim edildi.
Ustad sənətkarın dediyinə görə, ötən aylarda Rəssamlar İttifaqının təşəbbüsü ilə Xətai Sənət Mərkəzində gənc rəssam Tural Anaroğlunun Heydər Əliyevin portretlərindən və fəaliyyətini əks etdirən rəsmlərindən, avqust ayında qadınların əl işlərindən ibarət sərgilər açılıb. Qadın sənətkarların sərgisinə ayrı-ayrı bölgələrdən gətirilən əl işləri də daxil edilib:
– Həm Ulu öndərin yubileyinə, həm də 44 günlük qələbəmizə həsr edilmiş bu sərgi də uğurlu alınıb. Rəssamlarımızın elə əsərləri var ki, Naxçıvanda Heydər Əliyev Muzeyində saxlanılır. Hələ ümummilli liderin sağlığında Ömər Eldarov Naxçıvanda onun heykəlini yaradıb.
Heydər Əliyev rəssamlara çox böyük qayğı, diqqət göstərirdi. Ulu öndər tez-tez sərgilərimizdə iştirak edirdi. O, rəssamlarımızın bir çoxunu emalatxanalarla, mənzillə təmin edib. 1969-cu ildə hakimiyyətə gələndə imzaladığı ilk qərarlarından biri məhz rəssamlar üçün qalereya yaratmaqla bağlı olub.
Xalq rəssamı Ağaəli İbrahimov Ümummilli liderlə bağlı xatirələrini də bölüşdü:
–Ulu öndər 1975-ci ildə Elmlər Akademiyasında rəssamların sərgisinə gəlmişdi, Tahir Salahov da iştirak edirdi. Heydər Əliyev orada dedi ki, Azərbaycanda Rəssamlıq Akademiyası açmaq arzum var. Sonralar, o arzusunu da reallaşdırdı. Bir dəfə də Xocalı hadisələri ilə bağlı sərgimizə gəlmişdi. 2 il sonra yenə sərgiyə gəldi və əlini Xocalı faciəsini əks etdirən bir əsərə uzadıb, mənə qayıtdı ki, bu nədir, rəssamlar yeni əsərlər işləmirlər, bu əsəri 2 il əvvəl sərginizdə görmüşəm. Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov irəli keçərək bildirdi ki, bu əsəri Mədəniyyət Nazirliyi müəllifdən alıb və sərgi-muzeyə bağışlayıb.
Səttar Bəhlulzadənin “Ev muzeyi”nin açılışında iştirak edəndə Ulu öndər böyük rəssamın yaradıcılığı barədə elə danışdı ki, elə bildim, o fikirləri deyən peşəkar rəssamdır. Onu da qeyd edək ki, Rəssamlar İttifaqının Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgiləri ilin axırına kimi davam edəcək. Bu ayın əvvəlində gənc rəssamların əsərlərindən ibarət 3 sərgi keçiriləcək. Hazırda ittifaqın sərgi salonunda rəssamların Heydər Əliyevə həsr edilmiş qafik əsərlərindən ibarət sərgi davam edir.
Ramilə QURBANLI
XQ


