Qiymət artımlarına təsir edən xarici və daxili amillər, o cümlədən növbəti il dünyada ərzaq qiymətləri indeksinin nisbətən aşağı düşəcəyi proqnozları nəzərə alınmaqla Azərbaycanda orta illik inflyasiya cari ildə 9,5 faiz səviyyəsində olacaq.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, inflyasiyanın 2024-cü ildə 5,3 faiz, 2025-2027-ci illərdə isə strategiya ilə müəyyən edilmiş hədəf diapazonuna uyğun olaraq 4-5 faiz ətrafında olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda inflyasiya ötən ilin eyni dövrünə nisbətən 10,9 faiz təşkil edib. İlin ötən dövründə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 12,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 10,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 9,6 faiz artıb.
XQ

