Sumqayıt Kimya Sənaye Parkının rezidentləri olan “SOCAR Polymer” MMC və “STP” MMC-yə məxsus “STP Global Cable” MMC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan “İxrac icmalı” jurnalının 2023-cü ilin oktyabr ayı üzrə qeyri-dövlət və dövlətə məxsus olan ixracatçı subyektlərin reytinqində ilk onluğa daxil edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, reytinq cədvəlində “SOCAR Polymer” MMC dövlətə məxsus olan şirkətlərin siyahısında üçüncü, “STP” MMC-nin tərkibində fəaliyyət göstərən “STP Global Cable” MMC isə qeyri-dövlət ixracatçı subyektləri arasında altıncı yerdə qərarlaşıb. Yeri gəlmişkən, 2023-cü ilin 9 ayı ərzində “SOCAR Polymer” MMC 393 milyon manat, “STP Global Cable” MMC isə 31,5 milyon manat dəyərində məhsul ixrac edib.
Qeyd edək ki, sənaye parkları ölkədə qeyri-neft sektorunun davamlı inkişafında, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında mühüm rol oynayır. Sənaye parklarının rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, “Made In Azerbaijan” brendi ilə bir çox ölkələrə ixrac edilir.
XQ

