Ötən “Əsrin müqaviləsi” yeni əsrin xidmətində

post-img

9 ayda AGG layihəsi çərçivəsində daha 100 milyon barel neft hasil olunub 

Azərbaycanın iqtisadi müstəqilliyi üçün möhkəm təməl, etibarlı baza yaradan “Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür. Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin 9 ayında da “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə tikinti-quraşdırma, qazma və hasilatla bağlı əməliyyatlar uğurla davam etdirilib. 

“BP-Azərbaycan” şirkətinin 2023-ci ilin 9 ayının nəticələrinə dair hesabatına əsasən, yanvar-sentyabr aylarında konsorsium iştirakçı­ları tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 365 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 109 milyon dollar xərclənib. 

BP şirkəti və tərəfdaşları bu ilin üç rübü ərzin­də “Yeni əsrin müqaviləsi” adlandırılan neft la­yihəsi çərçivəsində də bir sıra uğurlara imza atıb­lar. İlin əvvəlindən “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə nəzərdə tutulmuş tikinti-quraşdırma işləri qrafik əsasında davam etdirilib. Hesabat dövründə ACE platformasının dayaq bloku inşa olunduğu Heydər Əliyev adına Bakı Dərin Özül­lər Zavodundan dənizə yola salınaraq suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılıb. Qurğu martın 16-da dənizə yola salınanadək is­tismar sınaqları vasitəsilə tam yoxlanılıb. 

Adıçəkilən platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma iş­ləri isə Bibiheybətdəki tikinti-quraşdırma sahə­sində davam etdirilib. Xatırladaq ki, aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üst modulların inşa edildiyi sahəyə baş çəkərək tikintisi artıq başa çatmış qurğunun də­nizə yola salınmazdan öncəki hazırlıq vəziyyəti ilə tanış olub. 

Cari ilin iyul ayınadək olan dövrdə üst mo­dulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları da uğurla başa çatdırılıb. Bu işlərə isə qazma qurğusunun işə salınması və sınaq əməliyyat işlərinin aparılması müddətinin bitməsi, inteqrasiya olunmuş qurğu sisteminin, bütövlükdə, əminlik sınaqları və sistemi dayan­dırarkən təzyiqin aşağı salınması əməliyyatının təhlükəsizlik sınağı daxil idi. Belə təhlükəsizlik sınağı ilk dəfə quruda, həm də azot qazından istifadə edilməklə icra olunub. Əvvəllər isə belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi ki, ACE-də daha buna ehtiyac olmayacaq. Bütün bu işlər bitdikdən sonra üst modullar təhlükəsiz şəkildə lazımi hündürlüyə qaldırılaraq daşıma barjının üstünə rahat sürüşdürülmək məqsədilə yükləmə çərçivəsi qurğusunun üzərinə endirilib. Əsas istismar sınaqları bitdikdən sonra, avqust ayının 7-də ACE platformasının üst modulları inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salınıb. Üst modulların daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırıldığından bu işlər təxminən iki günə uğurla tamamlanıb. 

Sonradan quraşdırma işləri dənizdə davam etdirilib. Həmin işlər çərçivəsində qazma qur­ğusunun dayaq blokunun üzərinə ilkin yerləş­dirilməsi əməliyyatı tamamlanıb, istilik, ventil­yasiya və havalandırma sistemlərinin, həmçinin yanğınsöndürmə nasosu, təmiz su təchizatı və çirkab suların emalı qurğuları istismara verilib. Bütövlükdə isə, üçüncü rübün sonunadək ACE layihəsi üzrə işlərin 94 faizi yekunlaşdırılıb. 2024-cü ilin əvvəlində ACE-dən hasilatın baş­lanması üçün tələb olunan bütün digər işlər və hazırlıqlar isə qrafikə uyğun olaraq davam et­dirilir. 

2023-cü ilin yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft hasilatı sabit, təhlükəsiz və etibarlı şəkildə da­vam etdirilib. Hesabat dövründə AÇG-də, ümu­milikdə, 136 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Bu ilin ötən dövründə istismarda olan 6 hasilat platforması vasitəsilə gündə orta hesab­la 368 min barel və ya ümumilikdə, təxminən, 100 milyon barel, yəni 14 milyon ton neft çıxa­rılıb. Ümumi hasilatın 23 min bareli “Çıraq”, 96 min bareli “Mərkəzi Azəri”, 89 min bareli “Qərbi Azəri”, 59 min bareli “Şərqi Azəri”, 67 min bareli “Dərinsulu Günəşli” və 34 min bareli “Qərbi Çı­raq” platformalarının payına düşüb. 

AÇG-də neft hasilatının sabit saxlanılması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qra­fikə uyğun davam etdirilib. Belə ki, cari ilin 9 ayı ərzində müqavilə sahəsində 6 neft hasilatı, 5 su və 1 qaz injektor quyusu tamamlanaraq istisma­ra daxil edilib. 

“Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, “Azəri-Çıraq-Günəli” yataqlar blokundan xam neftlə bərabər çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. Bu ilin üç rübü ərzində Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,5 milyon kubmetr, ümumi­likdə, isə 1,5 milyard kubmetr səmt qazı Azər­baycanın qazpaylayıcı sisteminə ötürülüb. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxla­maq məqsədilə yenidən kollektora vurulub.

2023-cü ilin yanvar-sentyabr aylarında AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etdirilib. İlin ötən 9 ayında terminaldan 172 milyon bareldən çox neft və kondensat ixrac olunub. 

Xam nefti dünya bazarına çıxaran Bakı-Tbili­si-Ceyhan (BTC) əsas ixrac boru kəməri, əvvəlki dövrlərdə olduğu kimi, cari ilin yanvar-sentyabr aylarında da fəaliyyətini uğurla davam etdirib. “BP-Azərbaycan” şirkətinin 2023-cü ilin 9 ayının nəticələrinə dair hesabatına əsasən, konsorsi­um iştirakçıları tərəfindən BTC üzrə əməliyyat tədbirlərinə 86 milyon dollar, əsaslı məsrəflərinə isə 25 milyon dollar xərclənib. 

Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş təqribən 23 milyon ton xam neft və kondensat Ceyhan terminalında 238 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bü­tövlükdə isə, 2006-cı ilin iyun ayında istismara verilmiş 1768 kilometr uzunluğunda olan BTC kəməri ilə 2023-cü ilin sentyabr ayının sonu­nadək, təqribən, 554 milyon tondan çox (4,2 milyard barel) xam neft nəql edilib. Həmin neft həcmləri Ceyhanda 5 min 482 tankerə yük­lənərək dünya bazarlarına göndərilib. Yeri gəl­mişkən, bu il yanvar ayının 18-də BTC vasitə­silə 4 milyard barel neft ixracına nail olunması əlamətdar bir uğur kimi qeyd edilib. 

Hazırda BTC əsas ixrac boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdə­niz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, adıçəkilən kəmər vasitəsilə Qa­zaxıstan və Türkmənistana məxsus xam neft və kondensat həcmləri də nəql olunur.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat