Nizami Kino Mərkəzində Elm və Təhsil Nazirliyi və İctimai TV-nin birgə hazırladığı “Şuşa maarifi” filmi ictimaiyyətə təqdim edilib.
Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu baxışdan əvvəl filmin həsr olunduğu Şuşa maarifinin ölkə tarixində mütərəqqi rolunu vurğulayıb. Şəhərin maarif ocaqlarının Azərbaycan təhsilinə verdiyi töhfələrə toxunan natiq aparılan təmir-quruculuq işlərindən sonra orada sabahın dahilərini yetirən yeni məktəb şəbəkəsinin formalaşacağına inamını bildirib.
Sonra sənədli kinolent nümayiş etdirilib. Azərbaycanın ilk dünyəvi məktəbi olmuş Şuşa qəza məktəbi ilə başlanan tarixdən söz açan filmdə şəhərin xalqımız üçün tarixi və mədəni əhəmiyyəti, maarifçilik sahəsində nailiyyətləri qabarıq göstərilir. Xronikal ekran əsərində Şuşanın maarif tarixini yaradan şəxsiyyətlər barədə danışılır, eləcə də Azərbaycanın təhsil və elm sahəsinə tanınmış alimlər, sənətçilər, ziyalılar bəxş etməsi göstərilir.
İzləyicilər maraqla baxdıqları 50 dəqiqəlik filmin ssenari müəllifləri Cəsarət Valehov və Ramil Ələkbərov, rejissoru isə Elçin Qasımovdur.
Mərasimdə Mədəniyyət, Elm və Təhsil və nazirliklərinin əməkdaşları, millət vəkilləri, 44 günlük Vətən müharibəsində döyüşmüş müəllimlər, tələbələr və digər qonaqlar iştirak ediblər.
XQ


