AMEA Əlyazmalar İnstitutunda 8 Noyabr Zəfər Günü qarşısında “Bu da nida!” adlı tədbir keçirilib.
İnstitutun baş direktoru, akademik Teymur Kərimli Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini qeyd edib. O bildirib ki, 8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir.
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin professoru, Rusiya EA Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, AYB Moskva bölməsinin sədri, yazıçı-publisist Abuzər Bağırov Qarabağ zəfərinin tarixi önəmini qeyd edib. O, ordumuzun Vətən müharibəsindəki möhtəşəm qələbəsinə həsr etdiyi “Zəfər nəğməsi” poemasından bir parçanı oxuyub. Sonra akademik Teymur Kərimlinin müəllifi olduğu “Şuşanamə” kitabından möhtəşəm qələbəmizi vəsf edən şeirlər, “Ali Baş Komandanım” zəfər marşı səsləndirilib və “Azərbaycan bayrağı” adlı musiqili videokliplər nümayiş olunub.
Sonda mərasim iştirakçıları “Bu da nida!” kitab sərgisi ilə tanış olublar.
Ə.ƏLİYEV
XQ

