Xəbər verdiyimiz kimi, Azərbaycanda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir. Bakı teatrlarında türk ölkələri kollektivlərinin tamaşalarının nümayışi davam edir. Festival iştirakçıları teatr bayramı barədə duyğu-düşüncələrini XQ-yə belə açıqladılar:
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov:
– TÜRKSOY tərəfindən keçirilən ilk festivalın iştirakçılarıyıq. Bu bayram günümüz üçün də böyük mədəniyyət hadisəsidir, sabahkı nəticələri də daha əhəmiyyətli olacaq. Ümumilikdə, prosesin teatr mədəniyyətinə böyük xeyri var.
Hacı İsmayılov, Teatr Xadimləri İttifaqının sədr əvəzi, Xalq artisti:
– Çox tarixi bir il yaşayırıq: ümumilli lider Heydər Əliyevin 100 illik yubileyidir və eyni zamanda milli teatrın yaranmasının 150 illiyidir. Ulu öndər tez-tez teatrlara gəlirdi, tamaşadan sonra yaradıcı kollektivlərlə görüşürdü. Deyirdi ki, əgər Azərbaycan xalqı 1873-cü ildə müsəlman Şərqində ilk milli teatrı yaradıbsa, Avropa mədəniyyətinə qovuşubsa, görün bu xalqın nə qədər böyük mənəviyyatı var. Bu il çox böyük mədəniyyət hadisələri oldu. Onlardan biri də I TÜRKSOY Teatr Festivalının Şuşada öz işinə başlamasıdır. Sonra da festival çərçivəsində Bakıda Türkdilli ölkələrin teatrlarının maraqlı tamaşaları ardıcıl nümayiş olunur.
Hansı tərəfdən baxsan, bu festivalın əhəmiyyəti çox böyükdür. Türk xalqlarının yaxınlaşması, mədəniyyətlərin öyrənilməsi, inkişafı baxımdan da əhəmiyyətli tədbirdir. Akademik Milli Dram Teatrında Özbəkistan, Qırğızıstan, Türkmənistan, Türkiyədən olan həmkarlarımızla İlyas Əfəndiyevin pyesi əsasında səhnəyə qoyulmuş “Qarabağnamə”yə baxdıq. Çox gözəl keçdi, sonra tamaşanı müzakirə etdik. Qarşıdakı günlərdə onların da tamaşalarına baxıb müzakirə edəcəyik. Bu festival, ümumilikdə, türk dünyasının mədəniyyət prosesinə təkan verəcək. Mənim fikrimcə, TÜRKSOY Teatr Festivalı böyük mədəniyyət bayramıdır.
Nurəddin Mehdixanlı, Xalq artisti:
– 2023-cü il türk dünyası üçün müxtəlif uğurlu hadisələrlə yadda qalacaq. Ona görə də Azərbaycanda TÜRKSOY-un I Beynəlxalq Teatr Festivalının keçirilməsi məqsədəuyğun hadisədir. Azərbaycan türk mədəniyyətinin ocağı olmaqda davam edir. TÜRKSOY-un və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən teatr festivalı bir-birimizi daha yaxından tanımağa kömək edəcək. Uzun illər ayrı düşmüşük. Böyük türk mədəniyyəti dünyasının yaranmasının yolu belə tədbirlərdən keçir. H.Cavid necə də gözəl deyib: “Turana qılıncdan daha güclü, ulu qüvvət, mədəniyyət, mədəniyyət, mədəniyyət”.
Əliqismət Lalayev, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi:
– Bakıda bütün türk dövlətlərinin ürəyincə olan bir sənət bayramı keçirilir. Teatr festivalı amalı xoş olan bir sənət yarışmasıdır. TÜRKSOY-un sənət bayramının Şuşada başlanması isə bir başqa qürurverici hadisədir. Şuşa türk dünyasından gələn qonaqları məftun etdi, biz də çox qürurlandıq. Orada unudulmaz görüş və toplantı oldu. Festivalın 3-cü günündəyik, dünən Səmərqənd Musiqili Dram Teatrı Akademik Musiqili Teatrın səhnəsində “Leyli və Məcnun” tamaşasını təqdim etdi. Bu mövzu Türk dünyasının ortaq mədəniyyət nümunəsidir. Belə festivalların keçirilməsi çox vacibdir. Müxtəlif sənət adamları bir araya gəlir, bir-birinin sənət əsərləri ilə tanış olur və bu da gələcək planlara stimul verir. Festival çərçivəsində biz qonaq olan Səmərqənd Musiqili Teatrı ilə qarşılıqlı əməkdaşlıqla bağlı memorandum imzaladıq.
Ramilə QURBANLI
XQ