Azərbaycan Milli Konservatoriyasında Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanovun yaradıcılığının 70 illiyinə həsr olunmuş tədbir keçirilib. Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi bəstəkarın Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb:
– Tofiq Bakıxanovun tar və kamança üçün bəstələdiyi çoxsaylı musiqi əsərləri var. Tofiq müəllim musiqi tariximizə böyük töhfələr verən sənətkardır.
Musiqişünas-pedaqoq, şərqşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova Tofiq Bakıxanovun əsərlərindən söz açaraq bildirib ki, o, bizim üçün canlı tarixdir:
– Tarixin mahiyyətini bədii əsərlər daha doğru verir. Keçmiş dövrün musiqilərini dinləyəndə tarixi faktları görürük və gizli məqamları hiss edirik. Tofiq Bakıxanovun musiqisində də bu incə detalları görmək mümkündür. Onun “Xəzər Balladası” baleti 20-ci əsr neft sənayesi dövründə yazılan ən dəyərli musiqi nümunəsidir. 1960-cı illərin sonunda Fransadan və digər ölkələrdən məşhur rəqs festivallarından biri üçün balet əsərləri seçməyə gəlmişdilər. “Xəzər balladası” na baxanda heyran qalmışdılar. Bu balet Parisdə rəqs festivalında nümayiş olundu və sinkretik quruluşuna, mövzusuna və musiqisinə görə böyük uğur qazandı. Fransanın bir çox şəhərlərində də səhnəyə qoyuldu. Tofiq müəllim həm də bizim çox da üzdə olmayan muğam nümunələrimizi simfonikləşdirib.
Konsertin ilk hissəsi Xalq artisti, tarzən Əhməd Bakıxanova həsr olunmuşdu. Burada Əməkdar artist Aslan Növrəslinin ifasında tar ilə orkestr üçün ifa olunan musiqi nömrələri səsləndirildi. Növbəti, Azərbaycanın kamança ifaçısı, Əməkdar artist Ədalət Vəzirova həsr olunmuş hissədə isə Hüseyn Nağıyevin ifaları dinlənildi.
Bu gün Tofiq Bakıxanov yaradıcılığı kamillik zirvəsindədir. O, mahir ifaçı, bəstəkar olmaqla yanaşı, həm də görkəmli pedaqoqdur. Musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, musiqimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadimdir. Tofiq müəllimi yaradıcılığının 70 illiyi münasibətilə təbrik edənlər ona ən xoş arzularını bildiriblər.
Fidan SALMANOVA
Elşən AĞALAR (foto)
XQ