Sumqayıt Dövlət Rəsm Qalereyası və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə gənclik şəhərindəki Heydər Əliyev Mərkəzində şəhidlərimizin şəxsi əşyalarından ibarət “Sizi xatırladır” adlı sərgi-kompozisiya təqdim olundu.
Mərasimdə şəhid ailələrinin üzvləri, əbədiyyətə qovuşmuş qəhrəmanlarımıza ədəbi nümunələr həsr edən şair və yazıçılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Öncə sərgiyə baxış keçirildi. Ekspozisiyada tanınmış rəssamların Zəfər mövzulu əsərləri ilə yanaşı, şəhidlərə aid əşyaların da nümayiş etdirilməsi tədbirə kövrək notlar qatırdı. Milli qəhrəmanlar Polad Həşimovun, Qorxmaz Eyvazovun, eləcə də digər şəhidlərin hərbi libasları, süngüləri, qeyd dəftərləri, qol saatları, şəxsi sənədləri, fotoşəkilləri və s. onların haqqında həzin xatirələr “pıçıldayırdı”...
Təqdimat Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlandı. Sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri barədə danışdı. Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verdi. Ardınca AYB üzvü olan sumqayıtlı şairlər şəhidlərin fotoları yerləşdirilmiş çərçivələrə həkk olunmuş adlı şeirləri səsləndirdilər. Yığcam poetik nümunələrdə hər bir şəhidin həyat yolu, məramı, arzuları ifadə olunmuşdu. Şeirlər oxunduqca çərçivəli portretlərlə bərabər şəhidlərin ailə üzvlərinə təqdim edildi. Maraqlı idi ki, çıxışlar şəhid Toğrul Hacıyevdən əmanət qalmış tarda çalınan musiqi melodiyaları ilə müşayiət edilirdi.
Sonda şəhid valideynləri çıxış edərək tədbirin təşkilatçılarına, şəhidlərimizi daim yad edən, onların ruhuna sayğı göstərən şəhər rəhbərliyinə, Abşeron–Xızı Regional Mədəniyyət İdarəsinə təşəkkürlərini bildirdilər.
Əli NƏCƏFXANLI
XQ