UZUN HƏSƏN – 600
Dünən Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinin önəmli bir səhifəsinə işıq salan “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı olub. Bu, ölkəmizdə varisi indiki Azərbaycan və İran dövlətləri olan möhtəşəm Səfəvi türk imperiyasını qurmuş Şah ismayıl Xətainin babası Uzun Həsənə həsr olunmuş ilk sərgidir.
Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423 – 1478) anadan olmasının 600 illiyi münasibətilə təşkil olunmuş ekspozisiya gələn il yanvarın 17-dək davam edəcək. Sərgidə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumatlarla tanış olmaq və tarixi eksponatları izləmək mümkündür.
Mərasimi giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin departament direktoru Əminə Məlikova bildirib ki, anadan olmasının 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilən Ulu öndər Heydər Əliyev gənclərin biliklərə yiyələnməsinə xüsusi həssaslıqla yanaşır, onlara Azərbaycan tarixini yaxşı öyrənməyi tövsiyə edirdi. Ona görə də belə bir ildə tariximizin öyünclü səhifələrini yeni nəsillərə təqdim etmək ikiqat önəmlidir.
Sərgidə Azərbaycan Milli İncəsənət, Tarix, Xalça, Gəncə Diyarşünaslıq muzeylərindən eksponatlar nümayiş etdirilir. Türkiyənin İstanbul şəhərində yerləşən Hərb Muzeyindən gətirilmiş nadir eksponatlar da ekspozisiyada yer alıb. Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı bu kolleksiyanın Türkiyədən kənarda ilk dəfə qardaş Azərbaycanda sərgiləndiyini söyləyib.
Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateş isə deyib ki, Türkiyənin və Azərbaycanın tarixi keçmişində mühüm yeri olan Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənə aid sərginin açılışı “Bir millət, iki dövlət” anlayışını təcəssüm etdirmək baxımından dəyərlidir. Türkiyə Respublikası Dövlət Arxivinin rəhbəri, professor Uğur Ünal ölkəsinin zəngin arxivlərinin bu sərgiyə töhfəsini məmnunluqla qeyd edib.
Sonra qonaqlar ekspozisiya ilə tanış olublar. Sərgi “Uzun Həsən və Ağqoyunlu dövləti”, “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti”, “Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət”, “Sara Xatun - Azərbaycan tarixində ilk diplomat qadın”, “Despinə Xatun” və digər bölmələrdən ibarətdir. Burada Uzun Həsən, onun anası, apardığı diplomatik danışıqlar nəticəsində bir çox müharibələrin qarşısını almağa müvəffəq olmuş Sara Xatun, Uzun Həsənin həyat yoldaşı Despinə Xatun haqqında məlumatlar yer alıb. Burada Ağqoyunlu dövlətində mədəniyyət, o cümlədən memarlıq və incəsənətin inkişafını nümayiş etdirən fotoşəkillər, Türkiyənin Topqapı Sarayı Muzeyi tərəfindən təqdim edilən miniatürlərin, Türkiyənin Dövlət Arxivləri İdarəsi tərəfindən təqdim edilən Uzun Həsənin fərman və məktublarının surətləri ziyarətçilərə təqdim edilir. Sərgidə Ağqoyunlu dövlətinə məxsus sikkələr, arxeoloji qazıntılar nəticəsində tapılan keramika nümunələri, mis əşyalar da yer alıb.
Eksponatlar arasında 1470-1480-ci illərə aid Təbriz miniatürlərinin əsasında tikilmiş Ağqoyunlu dövləti hökmdarının rəsmi geyimini də görmək mümkündür. Sərgi üçün xüsusi olaraq üzərində XV əsrə aid nadir Təbriz miniatürünün təsvir edildiyi xalçalar, eləcə də Uzun Həsənin mum heykəli və portreti də hazırlanıb.
Ekspozisiyada Ağqoyunlu dövrünə aid bəzi məlumatlar həm də multimedia və interaktiv vasitələrlə çatdırılır, Uzun Həsənə həsr edilən film də nümayiş olunur.
Uzun Həsənin 600 illiyi münasibətilə “Azərpoçt” MMC tərəfindən poçt markası da dövriyyəyə buraxılıb və sərginin açılışında həmin markanın təqdimatı olub. Sərgi çərçivəsində Heydər Əliyev Mərkəzi Azərbaycan və ingilis dillərində “Ağqoyunlu dövlətinin hökmdarı – Uzun Həsən” adlı kitab da hazırlayıb.
XQ