Azərbaycan Dünya Səyahət və Turizm Şurasının rəsmi destinasiya tərəfdaşı seçilib. Bu haqda qərar Ümumdünya Səyahət və Turizm Şurasının noyabrın 1-də Ruandanın Kiqali şəhərində “Dayanıqlı gələcəyə körpülərin qurulması” mövzusunda keçirilən Qlobal Sammitində qəbul edilib.
Noyabrın 3-dək davam edəcək sammitdə ölkəmizi Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Tədbir çərçivəsində Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru xanım Culiya Simpsonla görüş keçirilib, yeni turizm destinasiyası kimi ölkəmizin tanıdılması, turizmin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Eləcə də sammit zamanı “Qlobal Liderlər Dialoqu” görüşündə bir sıra ölkələrin turizm nazirləri və səlahiyyətli şəxsləri ilə görüşlər keçirilib, cari tendensiyalar üzrə fikir mübadiləsi aparılıb.
Agentliyin məlumatına görə, Azərbaycan tərəfdaş ölkə olmaqla, həmçinin Dünya Səyahət və Turizm Şurasının otellər üçün nəzərdə tutulan 12 əsas fəaliyyət istiqamətini özündə birləşdirən “Dayanıqlı əsaslar” üzrə proqramına da üzv olub.
Xatırladaq ki, dünya üzrə qlobal səyahət və turizm şəbəkəsi kimi Dünya Səyahət və Turizm Şurası 1990-cı ildən fəaliyyətə başlayaraq dünya turizmi üzrə dövlət və özəl sektor təmsilçilərini bir araya toplayan və tərəfdaşlığı təmin edən əsas platformalardan biri hesab olunur.
Q.QASIMOV
XQ