XQ-nin kitab rəfi

post-img

 

Həqiqət xanımın sənət həqiqətləri

Türkiyədə azərbaycanlı pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ərzu­rum Atatürk Universiteti Gözəl sənətlər fakültəsinin professoru Həqiqət Məhər­rəmovanın 75 illiyinə həsr olunmuş “Pianoya sadiq bir ömür” adlı kitab işıq üzü görüb.

Topluda Azərbaycan, Türkiyə, Rusiya, Moldova və digər ölkələrdən tanınmış elm və incəsənət xa­dimlərinin sənətkar haqqında məqalə və fikirləri yer alıb. Kitaba “Ön söz” yazmış Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı pianoçunun zən­gin elmi ilə klassik musiqi sahəsindəki bacarıqlarını universitetin müvafiq sahəsinin inkişafında mühüm rol oynadığını bildirib. Gözəl sənətlər fakültəsinin dekanı Mustafa Bulat isə Həqiqət Məhərrəmovanı müasir sənət elmini dolğun şəkildə, ləyaqətlə tədris edən müəllim kimi xarakterizə edir, pianoçunun təd­risə yeni ruh və baxış gətirdiyini vurğulayır.

Kitabda Azərbaycandan Xalq artistlər Fərhad Bədəlbəyli, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, Azər Rzayev, Rauf Atakişiyev, pro­fessorlar Rəna Məmmədova, Aida Tağızadə və digər tanınmış incəsənət adamlarının ürək sözləri və məqalələri də verilib. Nəşrdə musiqiçi xanımın qardaşı Xalq artisti Məbud Məhərrəmovun da fikirləri yer alıb. Həqiqət Məhərrəmovanın yaradıcılığının müxtəlif illərini əks etdirən fotolar, konsert və layihələrinin afişaları kitabı daha da rəngarəng edib.

Cavad xanın oğlu Uğurlu xanın hekayəti

Müzadil Zauroğlunun bu adda bədii-tarixi povesti MİMTA Yayımlarında nəşr olunub. Əsərdə Azərbaycan tarixinin ən müba riz hökmdarlarından olmuş, öz mücadiləsi uğrunda şəhadətə ucalmış Gəncə xanı Cavad xanın oğlu Uğurlu xanın həyat və mübarizə yolundan bəhs edilir. 

Müəllif öz əsərini arxiv materialları əsasında ərsəyə gətirib. Əsər onun yenidən təsis olunaraq çap edilən “Füyuzat” dərgisi üçün yazdığı eyniadlı silsilə məqalələ­rindən tərtib olunub. 23 ildən artıq uzun müddət ərzində nəhəng Çar imperiyasının istibdad zülmünə qarşı mübarizə aparan Uğurlu xanın bədii obrazını mənbələr işığın­da yarada bilib. Uğurlu xanın həyat hekayəsi qəhrəmanlıq dolu tariximizin indiyədək gizli saxlanılan ən şanlı səhifələrindən biridir! Xüsusən, gənc nəsildə vətənpərlik və mübarizlik ruhunun formalaşması baxımından əsərin böyük əhəmiyyəti var.

Yazılan söz yadigardır

Hüquqşünas-publisist Hacı Şəmsəddin Mən­suroğlunun ömür yolundan bəhs edən “Yaz­dım ki, unudulmasın” adlı avtobioqrafik kitabı “Apostrof-A” nəşriyyatında çapdan çıxıb. 

Həyat yollarında dəyişən zamanla savaşa önəm verən Şəmsəddin Mənsuroğlu Birinci Qarabağ mü­haribəsinin iştirakçı-komandiri, DİN-in istefada olan yüksək rütbəli zabiti, veteranı və şəhid atasıdır. O, hüquq mövzusunda 8 kitabın, habelə 3 publisistik nəşrin müəlifidir. 850 səhifəlik “Heydər Əliyev: Azər­baycan Respublikası hüquq-mühafizə orqanları” ki­tabı da onun zəhmətlə ərsəyə gətirdiyi nəşrlərdəndir.

Müəllifin bu kitabında Vətən sevgisi ilə bağlı esselər, hüquq sahəsinə aid akademik şərhlər yer alıb. “Dövlət səltənəti məmur qələminin ədalətində və əsgər qılıncının kəsərində qərar tutut”, – deyən Hacı Şəmsəddin Mənsuroğlunun 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun qəh­rəmanlıqlarını, Vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgərlərimizin əli ilə yazılan zəfər salnaməsini vəsf edən yazıları maraq doğurur. Onun şəxsi həya­tının gerçək hekayələri də cəlbedicidir.

Kitabın rəyçisi Əməkdar jurnalist Əflatun Amaşovdur.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət