Mingəçevir Dövlət Dram Teatrı yazıçı Xeyrəddin Qocanın “Zamanın ruzigarı” pyesinin motivləri əsasında “Molla Nəsrəddin” tamaşasını səhnələşdirib.
Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin keşməkeşli həyatından, “Molla “Nəsrəddin” jurnalının nəşrinin çətinliklərindən bəhs edən pyesə rejissor Vüsal Mehrəliyev quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistentləri İlahə Qasımova, Çiçək İsmayılzadə, rəqslərin quruluşçusu Eyvaz Əliyevdir. Tamaşaçılar Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqvediyevin, Üzeyir Hacıbəylinin, Mirzə Fətəli Axundovun obrazlarını səhnədə bir arada görüncə dönə-dönə alqışlayıblar.
Rolları teatrın aktyorları Aydın Quliyev – Mirzə Cəlil, Vüsalə Əliyeva – Həmidə xanım, Paşa Salmanov – Mirzə Ələkbər Sabir, Şıxı Yaqubov – Əbdürrəhim bəy Haqverdiyev, Hüseyin Mustafayev – Kefli İskəndər, Qabil İbrahimli – Hacı Həsən, Asif Əhmədov – Vəli xan, Asim Məmmədov – Novruzəli oynayıblar.
Tamaşanın sonunda teatrın direktoru İntiqam Soltan, rejissor Vüsal Mehrəliyev, müəllif Xeyrəddin Qoca səhnəyə çıxaraq, yeni tamaşa üzərində birgə işdən danışıblar. Onlar əsərin Mirzə Cəlilin ölməz ruhuna ərməğan olduğunu bildiriblər.
XQ