Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrı dedikdə, ilk adıçəkilən nasirlərdən biri Yunus Oğuzdur. Türk tarixinin, eləcə də doğma Azərbaycan tarixinin önəmli, həlledici məqamlarının, hökmdarlarının, qəhrəmanlarının qələmin qüdrəti ilə XXI əsrdə yenidən “zühur etməsinə” nail olan yazıçının yaradıcılığının ana xətti vətənpərvərlik, azərbaycançılıq, türkçülükdür.
Azərbaycanın yaxın tarixinin ən möhtəşəm hadisəsi olan 44 günlük Vətən müharibəsi də Yunus Oğuz qələmindən keçərək sanballı bədii örnəklər kimi ədəbi irsimizə daxil oldu. Vətən müharibəsi ilə bağlı Yunus Oğuzun qələmə aldığı ilk əsərlərindən biri Ali Baş Komandan İlham Əliyevə həsr etdiyi “Dövlət bizik” şeiri oldu. Yaradıcılığa poetik mətnlərlə başlayan Yunus Oğuzun bütün şeirlərində izlənən milli kökə bağlılıq, vətənpərvərlik bu şeirdə daha güclü bir vurğu ilə səslənir:
Torpağımçün savaşaram
Addım-addım,
Əli yalın olsam belə,
Gözlərimi silah edib vuruşaram –
Dövlət mənəm!
Ağrıların çəkənəm,
Torpağını əkənəm,
Daş-divarın tikənəm –
Dövlət mənəm!
Bir qarış da yad torpaqda gözüm yox,
Bu torpağa düşmən ayaq basacaqsa,
Silahım var, Sözüm yox...
Dövlət mənəm! Dövlət sənsən! Dövlət biz!
Qeyd etmək yerinə düşər ki, Yunus Oğuzun bu şeirinə Şahin Musaoğlu mahnı bəstələyib və həmin mahnını azərbaycanlı tenor, opera ifaçısı, Xalq artisti Samir Cəfərov ifa edib.
44 günlük müharibə ilə bağlı Yunus Oğuzun bədii yaradıcılığında təzahür edən növbəti nümunələr “Zəfər paradı” və “Ağdama qayıdış” esseləri oldu. “Zəfər paradı” essesi illərdən bəri xalq olaraq xəyalını qurduğumuz möhtəşəm bir hadisənin tərənnümünə həsr edilmişdir. Burada 44 günlük müharibənin məntiqi sonluğu kimi, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi möhtəşəm qələbə bayramının qüruru Yunus Oğuzun qələmindən süzülərək, sözə hopur: “Sənin hesabına parçalanmış ruhumuz birləşir. Qalib ruhumuz Zəfər Paradına çevrilib Qarabağı dolaşdı, bu gün Bakı küçələrində gəzir, hər evin, hər ürəyin sahibidir Zəfər Paradı”.
“Ağdama qayıdış”da yazıçı “...orada zaman dayanıb. Orada ruhlar dolaşır” kəlmələrinin enerjisi ilə işğalın yıxıcılığını, torpağın fəryadından doğan ağrını oxucuya ötürməyə nail olur. Essenin son cümlələri möhkəm inam yaradır: “Ağdamdan süd ətri gələcək, Ağdamda toy çadırları qurulacaq, körpə səsləri gələcək.Tələsməyin, lap az qalıb. Zamansa öz ahəngi ilə axıb gedəcək, daha donmayacaq”. – Bu ifadələr zəfərdən sonrakı Qarabağın, bütövləşən Azərbaycanın reallaşmaqda olan yeni obrazının müjdəsini çatdırır.
Yunus Oğuz 2022-ci ildə qələmə aldığı “Cığır” romanı ilə 44 günlük Vətən müharibəsinin bütöv bədii salnaməsini yaradıb. Hadisələrin 3 zaman kəsiyində təqdim edildiyi bu əsərdə biz yenidən yazıçının bir sıra romanlarının, o cümlədən müasir Azərbaycan tarixinin dönüş nöqtəsi olan 2016-cı ilin aprel döyüşlərindən bəhs edən “Ovçu” romanının qəhrəmanı Murad obrazı ilə qarşılaşırıq. Bu dəfə Yunus Oğuz bir sıra əsərlərində yaratdığı Murad obrazının tarixdəki əsas missiyasını tam şəkildə açıqlayır.
Şuşanın açarı sayılan cığırın son qoruyucusu olan Nəsrəddin Murad öz missiyasını yerinə yetirir və Şuşa azad olunur. Vətən müharibəsinin əsası 2016-cı il döyüşlərində qoyulduğu kimi, “Cığır” romanının da əsasını “Ovçu” romanı təşkil edir. Bu səbəbdən bu iki romanın dilogiya olduğu qənaətindəyik.
İnamla deyə bilərik ki, Yunus Oğuzun “Cığır” romanı Vətən müharibəsindən sonrakı dövr Azərbaycan ədəbiyyatının yeni mərhələsinin sanballı bədii nümunəsi, qələbəmizin mükəmməl bədii obrazını təqdim edən, ideoloji cəhətdən çox güclü olan bir əsərdir.
Bəli, Yunus Oğuzun yaradıcılığında Vətən müharibəsi, Zəfər salnaməsi fərqli ədəbi növ və janrlarda öz bədii həllini tapmışdır. Yazıçının əsərləri ədəbiyyatımızda Qarabağ mövzusunun tam fərqli rakursdan işıqlandırılmasının orijinal nümunəsidir.
Elnarə QARAGÖZOVA,
AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru