Nalədəndir ney kimi avazeyi eşqim bülənd,
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.
Yəqin ki, bu misralar hər birinizə dərhal ölməz bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasını xatırlatdı. Bu, əsərin qəhrəmanı Əsgərin səhnəyə giriş ariyasıdır.
1913-cü ildə yazılan “Arşın mal alan” Üzeyir Hacıbəylinin son operettası olub. Üzeyir bəy bu əsəri Sankt-Peterburqda konservatoriyada oxuyararkən qələmə alıb. Bəstəkar 1913-cü ilin yayında dostu və görkəmli aktyor Hüseynqulu Sarabskiyə ünvanladığı məktubunda bildirir ki, “Arşın mal alan” əsərini yazır: “Mənim bu qədər əlləşməyimin səbəbi odur ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun. Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir”.
1913-cü il oktyabr ayının 25-də Bakıda mesenat Hacı Zeynalabdin Tağıyevin teatrında (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) “Arşın mal alan” operettasının təqdimatı keçirilib. İlk tamaşanın aktyorları H.Sarabski, Ə. Ağdamski , Ə. Hüseynzadə, H.Terequlov, H.Hüseynov, Gülsabah xanım, Olenskaya, rejissoru H.Sarabski, dirijoru M.Maqomayev olublar.
“Arşın mal alan” alqışlarla qarşılanıb. 1913-cü il tarixində nəşr olunan “Sədayi həqq” qəzeti xəbər verib: “Müsəlman bəstəkarı Üzeyir bəy Hacıbəylinin təzə operettası “Arşın mal alan” camaata çox xoş gəlib”.
Əsərin süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdı. Əsər xalq həyatını əks etdirən epizodlardan ibarət idi.
Tanınmış müğənni Rəşid Behbudovun qızı Rəşidə xanım “Arşın mal Alan”dakı Əsgər obrazının onun babasının həyatını əks etdirdiyini deyib:
Babam Məcid-bəy Behbudalı, qədimdə Behbudovlar soyu belə adlanırdı, qeyri-adi səsə malik, gözəl xalq mahnıları ifaçısı idi və artıq 30 yaşında peşəkar müğənni olub. Bundan öncə isə öz atasına kömək edərmiş: boxçasına ipək yığıb o vaxt qaldıqları Şuşanın küçələrini gəzər və “Arşın mal alan, arşın mal alan” deyərək yerli ədalı qızları gətirdiyi mala göz gəzdirməyə çağırarmış. Səciyyəvi boxçacı obrazı Üzeyir Hacıbəylinin yaddaşına elə həkk olunur ki, gələcəkdə bəstəkar onu “Arşın mal alan” operettasının süjetində istifadə edir...
Operettanın səhnədə oynanılmasından 110 il keçsə də, xalqın adət-ənənələrini canlandıran tamaşa yenə əvvəlki tək sevilir, tamaşaçı ona təkrar-təkrar baxmaqdan yorulmur.
Zülfiyyə ZİYA
XQ