Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək üçün Ankara şəhərində işgüzar səfərdə olub.
Səfər çərçivəsində Baş prokuror TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüb. Yıldırım ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini çatdırıb, hər iki ölkənin liderlərinin rəhbərliyi altında ölkələrimiz və xalqlarımız arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirib.
Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü ifadə edib.
Kamran Əliyev Türkiyənin ədliyyə naziri, Hakimlər və Prokurorlar Şurasının sədri Yılmaz Tunç, Türkiyənin Baş prokuroru Bəkir Şahin, Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə də görüşüb.
Kamran Əliyev tədbirdə iştirak edən TDT-nin Baş katibi Kubaniçbek Ömüralıyev, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının Baş prokurorları ilə də görüşlər keçirərək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.
Sonda Türk dövlətlərinin Baş prokurorları Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediliblər.
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya işgüzar səfəri başa çatıb.
XQ