Həsrət nəğməli payız...

post-img

Quşların uçub getməsini, yarpaq tökümünü izləyən və bu mənzərədən qəribsəyən, kövrələn, yeni bir yazın ümidi ilə yaşayan şairlərin fəslidir payız. Hər şairin öz payızı var. Belə şairlərdən biri də “Payız gəldi” şeiri ilə nəğmələşmiş unudulmaz Fikrət Qocadır. 

Payızda təbiətdəki və həyatındakı dəyişikliyi qələmə alan şairin bu şeirində tənhalıq, həsrət, ayrılıq, göz yaşı var:

Payız gəldi, uçdu getdi quşlar,

Sən də getdin, bax yağdı yağışlar.

Payız gəldi, qərib oldu dəniz,

Bu dənizin gözü yaşlı sənsiz.

Şair onu tənhalığa məhkum edən insanın səsini, sanki, xəzanyarpaqlarının xışıltısında eşidir və ötüb keçən günlərin şirin xatirələri ilə yaşayacağını deyir:

Küçələr, döngələr izindən qalır,

Yarpaq pıçıltısı sənin səsindi,

İşıqlar zil qara gözündən qalır,

Bu şirin xatirə mənim bəsimdi.

Onun payızdan təsirlənib yazdığı bu şeir Emin Sabitoğlunun bəstəsində, Xədicə Abbasovanın ifasında  sevilib, dillər əzbəri olub. Bu nəğmə hələ neçə-neçə payızı yola verəcək. “Qocalmayacaq” hamının sevdiyi bu nəğmə, ucalacaq, hər payız gələndə səslənəcək. Heç zaman unudulmayacaq sevimli mərhum şairimiz Fikrət Qoca tək.

Zülfiyyə ZİYA 
XQ

 

Mədəniyyət