Özbəkistanda Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Sevinc piyaləsi” adlı fərdi sərgisi açılıb

post-img

Daşkənddə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Özbəkistan Rəssamlıq Akademiyasının birgə təşəbbüsü, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə ölkəmizin tanınmış rəssamı, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, Özbəkistan Rəssamlıq Akademiyasının fəxri xarici akademiki Çingiz Fərzəliyevin “Sevinc piyaləsi” adlı fərdi sərgisi açılıb.

Sərgidə rəssamın müxtəlif mövzuda 40-a yaxın əsəri nümayiş etdirilir. Sərginin əlaqələndiricisi Könül Rəfiyevadır. 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan sərgidə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və səfirliyimizin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, tanınmış rəssamlar iştirak edib.

Sərgini Özbəkistan Rəssamlıq Akademiyasının sədri, Xalq rəssamı Akmal Nur açaraq bu münasibətlə Çingiz Fərzəliyevi təbrik edib, ölkələrimiz arasında bu sahədə həyata keçirilən layihələrdən danışıb, gələcək planlar haqqında məlumat verib.

Hüseyn Quliyev Azərbaycan və özbək xalqları arasında tarixən mövcud olan dostluq əlaqələrindən söhbət açıb, hazırda bu dostluğun uğurla davam etdiyini bildirib. Səfir vurğulayıb ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev üç dəfə Özbəkistanda səfərdə olub. Bu da bütün sahələrdə əməkdaşlığımızın inkişafına təkan verib. Təsadüfi deyil ki, hazırda ölkələrimiz arasında hava nəqliyyatının sayı həftədə 15-ə çatdırılıb və Daşkənddən başqa Səmərqənd və Urgəncdən də Bakıya hava körpüsü yaradılıb. 

Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Səlxəb Məmmədov Azərbaycan və özbək rəssamlarının əməkdaşlığından söhbət açıb, belə mədəni tədbirlərin müntəzəm olaraq Daşkənddə və Bakıda keçirilməsinin vacibliyindən danışıb. O qeyd edib ki, Azərbaycanla Özbəkistan arasındakı belə tədbirlər iki dövlət arasındakı mədəni əlaqələrin inkişafına xidmət edir. 

Sənətşünaslıq doktori, professor Kamola Akilova bildirib ki, dövlətlərimizin rəhbərləri arasında olan səmimi münasibətlər xalqlarımızın tarixən mövcud olan dostluğunu daha da gücləndirib. Bu yaxınlarda Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri keçirilib. Bu, fərəhləndirici hadisədir. Elə bilirəm ki, qardaş Azərbaycan xalqının növbəti mədəniyyət günləri Özbəkistanda keçiriləcək. 

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor  Erkin Nuriddinov cəmiyyətin xətti ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıqdan danışıb, keçirilən tədbirlər haqqında məlumat verib. 

Çingiz Fərzəliyev sərginin təşkili üçün Akmal Nura, Hüseyn Quliyevə və bu işdə əməyi olan digər təşkilatçılara təşəkkür edib, bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayıb. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Daşkənd

 









Mədəniyyət