Mədəniyyət xəbərləri

post-img

Bakıda İkinci Dünya müharibəsi zamanı yəhudiləri nasistlərdən gizlə­dən polşalı ailədən bəhs edən “Bir cinayət hekayəsi” adlı Polşa sənədli filmi­nin nümayişi olub.

Tədbir Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilib. Səfir Rafal Poborski sənədli ekran əsərindən danışıb. 

Film polşalı Ulma ailəsinin müharibə vaxtı yəhudiləri necə gizlətməsi və bunun əvəzini öz canları ilə ödəməsindən bəhs edir. 1944-cü ildə sək­kiz yəhudini öz evlərində gizlədərək xilas etməyə çalışdıqları üçün ailə uşaqları ilə birlikdə güllələnib. Onların evində tapılan yəhudilər də nasist­lər tərəfindən öldürülüb.

***

Brüssel şəhərində Belçikada yaşayan azərbaycanlı rəssam Əli Seyran İmanza­dənin “Xəzər dənizinə baxın” adlı fərdi sərgisi açılıb.

Bu barədə Azərbaycanın Belçikadakı sə­firliyinin “X” hesabında paylaşım edilib. Xatır­ladaq ki, bundan əvvəl də Əli Seyranın Avro­panın müxtəlif şəhərlərində maraqlı sərgiləri təşkil olunub. Brüssel Qalereyasının Həftə­sonu çərçivəsində keçirilən sərgi sentyabrın 18-dək davam edəcək.

***

Teatrlarda yeni mövsümün bir neçə gündən sonra açılması nəzər­də tutulsa da, Azərbaycan Dövlət Kukla Teatrı artıq işə başlayıb. 

Kollektivin geniş tərkibli toplantısında sənət ocağının direktoru, Əmək­dar mədəniyyət işçisi Rəşad Əhmədzadə məzuniyyət müddətində də kuklaçıların səyyar tamaşalar, mədəni-sosial layihələrdə böyük maraqla iştirak etdiklərini xatırladıb. O, avqust ayında işğaldan azad olunmuş La­çında keçirilən “Laçın Şəhər Günü” tədbirləri çərçivəsində teatrın və teat­rın nəzdindəki “Oyuq” teatr-studiyasının tamaşa-konsertlə çıxış etdiyini bildirib. Görüşdə, həmçinin Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar ilin sonunadək görüləcək işlərə nəzər salınıb. 

Həmçinin qeyd edilib ki, yeni mövsümə rəsmi olaraq sentyabrın 15-də – “Bilik günü”ndə start verəcək. Həmin gün balacalar teatrın yeni səhnə nümunəsini – rejissor S.Haqverdiyevanın quruluş verdiyi “Melisa” tama­şasını izləyəcəklər. 

Hazırladı:
Ə.DOSTƏLİ
XQ





Mədəniyyət