Milli səhnəmizin yeni nəsil auditoriyası

post-img

1-ci məqalə

Ötən əsrin 23-cü ilindən başlayaraq Bakı dəniz limanında, keçmiş Tağıyev toxuculuq kombinatında, sonralar Səttərxan adına zavod adlanan müəssisədə və bir sıra digər istehsalat qurumlarında, uşaq evlərində pioner təşkilatları fəaliyyətə başladı. Dənizçilər klubunun 40 saylı pioner dəstəsinin özfəaliyyət dərnəyi daha çalışqan görünürdü. Müəyyən fəaliyyət dövründən sonra dərnəyə məktəbli  Ağadadaş Qurbanov rejissor təyin olundu. Onlar səhnəciklər, müəyyən pyeslərdən parçalar oynayırdılar. Sonralar Xalq artisti kimi şöhrətlənən sənətkarın təşəbbüsü ilə dərnək ilk dəfə tam əsəri tamaşaya hazırlamağı qərara aldı. 

15 mart 1927-ci ildə dərnəyin üzvləri pioner dəstə rəhbəri Lətif Kərimlinin “Fırtına” pyesini tamaşaya qoydular. Quruluşçu rejissor və rəssam Ağadadaş Qurbanov, musiqi tərtibçisi İslam Soltanzadə idi. Əsas rollarda Yusif Əmənli (Polkovnik), Mina Abdullayeva (Lina), Muxtar Dadaşov (Sergey), Kərim Həsənov və İsmayıl Quluzadə (Malışkin), Məmmədağa Dadaşov (Kolya), Cəvahir İsgəndərova (Anna), Əlibala İsmixanov (Fedya dayı), Əhəd Bağırzadə (Pyotr), Mirəbdül Babayev (Adyutant), Yusif Dadaşov (Jak) oynayıblar. 

İlk tamaşa gündüz saat 10-da olub. Proqramın aşağı hissəsində yazılmışdı: Tamaşanı idarə edir Məhərrəm Haşımov, suflyor Həsənağa Məcidov. Ünvan: Lev Tolstoy küçəsi, 195. 33 saylı məktəb (Hazırda burada 1 saylı orta məktəb yerləşir). İkinci tamaşa Pirşağı kəndində göstərilib. Üçüncü tamaşa isə 1928-ci ildə Azərbaycan komsomolunun VIII qurultayının iştirakçıları üçün oynanılıb. 

Qurultay qərar çıxarıb ki, Azərbaycanın paytaxtında uşaq teatrı yaradılsın. 1928-ci il oktyabrın 5-də Xalq Maarif Komissarlığının göstərişi ilə Bakı Uşaq Teatrının rus bölməsi yaradıldı. Teatrın Azərbaycan truppasına aktyor seçmək üçün 1928-ci il noyabr ayının 19-da 33 saylı məktəbdə müsabiqə keçirildi. Truppaya 15 aktyor götürüldü. Onların sırasında Məhərrəm Haşımov, Ağadadaş Qurbanov, Muxtar Dadaşov, Mina Abdullayeva, Cəvahir İsgəndərova, Abdulla Əzimzadə, Yusif Dadaşov, Məmmədağa Dadaşov, Suğra Babayeva, Zinyət ­Əliyeva və ­Zinyət Abbasova vardı. 

Kollektiv dövlət təsisatına keçəndə özünün ilk pərdələrini 30 yanvar 1929-cu ildə Mustafa Mərdanovla Rza Təhmasib tərəfindən tərcümə olunmuş “Qırmızı qalstuk əleyhinə” tamaşası ilə açdı. Tamaşanın rejissoru Qabriel Kornelli, rəssamı Pavel Velski, bəstəkarı Moisey Vaynşteyn idi. Məşq prosesində pyes təbdil olundu və hadisələr Azərbaycana köçürüldü. Kollektiv dövlət təsisatına keçəndən sonra 1936-cı ilə kimi öz tamaşalarını Türk İşçi Cocuqlar Teatrosu, Türk İşçi Uşaq Teatrosu, Türk İşçi Gənclər Teatrosu adları ilə təqdim edirdi. 1936-cı il iyun ayının 18-də Xalq Maarif Komissarlığının əmri ilə teatrın adı dəyişdirildi. Müəyyən bitkin repertuar qura bilmiş kollektiv Gənc Tamaşaçılar Teatrı adlandı. Teatr bir müddət Maksim Qorkinin adını daşıdı. Tamaşaya əsasən tərcümə əsərləri hazırlanırdı.

Tədricən teatr öz ətrafında məktəblilərin, yeniyetmələrin zövq və psixologiyasının formalaşmasına xidmət göstərən milli dramaturqlar dəstəsi toplaya bildi. Həmin müəlliflər öz əsərlərini, demək olar, kollektivin iştirakı ilə yazırdılar. Otuzuncu illərdən başlayaraq bir-birinin ardınca Mirmehdi Seyidzadənin (“Nərgiz”, “Qızılquş”, “Ayaz”), Abdulla Şaiqin (“Xasay”, “El oğlu”, “Vətən”, “Ana” və “Qaraca qız”), Əbil Yusifovun (“Babək” və “Od içində”), Əyyub Abbasovun (“Azad”, “Cəbhəyə əmr”, “Məlik Məmməd”, “Aqil və Sərvinaz”, “Bahar nəğməsi” və “Sevinc”), Səttar Axundovun (“Çətin dərə”, “Tayqa” və “Dönməz”), Məmmədhüseyn Təhmasibin (“Hind nağılı”, “Çiçəkli dağ” və “Gülən gözlər”) pyesləri tamaşaya qoyuldu. Belə repertuar əlvanlığı tamaşaçı marağını artırırdı, həm də aktyorların sənətkarlıq keyfiyyətlərinin formalaşmasına zəmin yaradırdı.

Gənc Tamaşaçılar Teatrı janr əlvanlığına və mövzu-problematika genişliyinə nail olmaq məqsədilə illər boyu milli klassik dramaturqlarımızın yaradıcılığını diqqət mərkəzində saxlayıb. Mirzə Fətəli Axundzadənin (“Hacı Qara”, “Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Xırs quldurbasan”), Nəcəf bəy Vəzirovun (“Hacı Qəmbər”, “Dələduz” və “Ağa Kərim xan Ərdəbili”), Əbdürrəhim bəy Haqverdiyevin (“Bəxtsiz cavan”, “Pəri cadu”, “Xortdanın cəhənnəm məktubları”), Süleyman Sani Axundovun (“Tamahkar”), Cəlil Məmmədquluzadənin (“Danabaş kəndinin məktəbi” və “Dəli yığıncağı”), Nəriman Nərimanovun (“Şamdan bəy”), Cəfər Cabbarlının (“Aydın”, “Yaşar” və “Oqtay Eloğlu”), Hüseyn Cavidin (“Şeyx Sənan”) dram əsərləri teatrda ayrı-ayrı üslublu rejissorların qurluşlarında, müxtəlif estetikalarda tamaşaya qoyulub. 

Klassik dünya ədiblərindən ingilis Vilyam Şekspirin “Romeo və Cülyetta”, “III Riçard”, “Otello”, “İki veronalı” və “Səhvlər komediyası”, Redyard Kiplinqin “Şelkunçik”, Çarlz Dikkensin “Oliver Tvistin macəraları”, danimarkalı Hans Xristian Andersenin “Çirkin ördək balası” və “Qar kraliçası”, alman Fridrix Şillerin “Qaçaqlar” və “Məkr və məhəbbət”, fransız Jan Batist Molyerin “Zorən təbib” və “Skapenin kələkləri”, Viktor Hüqonun “Səfillər” romanı əsasında səhnələşdirilmiş “Qavroş”, Şarl Perronun “Çəkməli pişik”, Marsel Birkye Marinyenin “Lotoreya”, rus Aleksandr Puşkinin “Keşiş və onun key nökəri Balda”, Nikolay Qoqolun “Müfəttiş” və “Evlənmə”, Anton Çexovun “Albalı bağı” və “Qağayı”, Samuil Marşakın “Pişiyin evi”, ispan Migel de Servantesin “Don Kixot”, amerkan Biçer Stounun (“Tom dayının koması”), Ron Hovardın “Qrinç”, italyan Karlo Qoldoninin “Mehmanxana sahibəsi”, Peppino de Filipponun “Don Raffael – tranbonçu”, Canni Rodarinin “Uzuncorab Pippi”, irland Etel Voyniçin “Ovod”, Martin Mak Donahın “Lineyin trilogiyası”, isveçrəli Fridrix Dürrenmattın “Dəlixanada qətl”, belçikalı Pierre Cullifodun “Şirinlər”, ingilis-irland Conatan Sviftin “Qulliver cırtdanlar ölkəsində”, fransız və belçikalı Erik-Emmanuel Şmittin “Tanrıya on dörd məktub”, isveçli Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson”, “Cipollino”, Lars Nurenin “Mən gəldim, qızlar...” (“Müharibə”), türk Əziz Nesin “Öldürsənə məni, canikom!..”, braziyalı Gilerma Fiqeyredunun “Ezop”, yəhudi Şolom Aleyxim və Mark Şaqalın “Mavi yuxular”, bolqar Panço Pançevin “Dörd əkizin nağılı” əsərləri repertuara daxil ediıib. Nobel mükafatı laureatları Knut Hamsunun “Viktoriya”, Samuel Bekketin “Sözsüz” dramları repertuarda yer alıb. Həmin əsərlərin tamaşaları kollektivin xarakterlər silsiləsini zənginləşdirib.

95 yaşlı teatr özünün yaradıcılıq spesifikasına uyğun olan milli rejissorlarımızı yetişdirdi. Teatrda Soltan Dadaşov, Məhərrəm Haşımov, Həsən Əliyev, Zəfər Nemətov, Kərim Həsənov, Şüa Şeyxov, Ağəli Dadaşov, Ulduz Rəfili-Əliyeva, Ağakişi Kazımov, Azər Paşa Nemət, Cənnət Səlimova kimi səriştəli rejissorlar fəaliyyət göstəriblər. Onlar teatrın üslub və forma prinsiplərinin estetik səciyyələrini zənginləşdirməklə yanaşı, özlərinin fərdi rejissor üslublarını da formalaşdırırdılar. Müharib Tağıyev, Həsən Əbluc, Möhsün Mürsəlov, Vaqif Əsədov, Bəhram Osmanov, Nicat Kazımov teatrda müxtəlif üslublarda tamaşalar hazırlayıblar. Onlarm quruluşları repertuarı mövzu və janr baxımından zənginləşdirib.

Teatr tərtibat-forma axtarışlarında öz estetik prinsip və xüsusiyyəti olan ifadə vasitələrini sınaqdan çıxara-çıxara GTT-yə xas olan səhnəqrafiya ənənəsi yaratmışdı. Ələsgər Həsənov, Həsənağa Mustafayev, Fyodor Qusak, Sadıq Şərifzadə, Fuad Xəlilov, Fuad Qafarov, Altay Səidov, Sənan Qurbanov, Tahir Tahirov, Elçin Məmmədov, Lətifə Quluzadə kimi rəssamlar psixoloji-romantik, realist-psixoloji, romantik-monumental tamaşa formalarında təcrübə toplaya bilmişdilər. 1930-cu ilin sonlarından başlayaraq teatr tamaşaların estetik təsir gücünü artırmaq, ifadə vasitələrini zənginləşdirmək, emosional duyğulara təkan vermək üçün milli bəstəkarlarımızla yaradıcılıq əlaqəsi qurdu. Çağdaş dövrümüzə qədər Tofiq Quliyev, Niyazi, Asan Rufatov, Fikrət Əmirov, Cahangir Cahangirov, Şəfiqə Axundova, Soltan Hacıbəyov, Rauf Hacıyev, Zakir Bağırov, Ağabacı Rzayeva, Ruhəngiz Qasımova, Arif Məlikov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Qəmbər Hüseynli, Əşrəf Abbasov, Oqtay Zülfüqarov, Ramiz Mirişli, Azər Rzayev, Sevda İbrahimova, Emin Sabitoğlu, Oqtay Kazımov, Cavanşir Quliyev, Vaqif Gərayzadə, Eldar Mansurov, Adil Bəbirov, Aydın Əzimov, Sərdar Fərəcov mürəkkəb tamaşalara bənzərsiz musiqilər bəstələyiblər.

1950-ci ildən etibarən teatrın yaradıcılığında yeni estetik mərhələnin inkişafına təkan verildi. Teatr öz repertuarını dörd məqsəd-prinsipdə qururdu: məktəbəqədər uşaqlar üçün tamaşalar; azyaşı məktəblilər üçün tamaşalar; yuxarı sinif şagirdləri üçün tamaşalar; yeniyetmə və gənclər üçün tamaşalar. Paralel olaraq teatr maraqlı və geniş oxucu rəğbəti qazanmış həm milli, həm də əcnəbi müəlliflərin nəsr əsərlərini də səhnələşdirib oynayırdı. Bu cəhd kollektivin janr axtarışlarına meydan açmaqla bərabər, həm də teatrın monumental tamaşalar yaratmaq istəyinin reallaşması üçün zəmin yaradırdı. Bu baxımdan Ağəli Dadaşovun səhnələşdirməsində Mir Cəlalın “Bir gəncin manifesti”, Əli Vəliyevin “Gülşən”, Mehdi Hüseynin “Sirli şəhər” (“Komissar” əsəri əsasında), Səməd Vurğunun “Komsomol poeması” əsasında İsgəndər Coşqunun eyniadlı pyesi, Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə” romanlarının səhnə variantları xüsusi qeyd olunmalıdır.

(ardı var)

İlham RƏHİMLİ

 



Mədəniyyət