O, milli kinematoqrafiyaya yeni, bənzərsiz çalar gətirən sənətkardır
Dünən axşam Nizami Kino Mərkəzində anşlaq idi. Tədbirə rəsmilər, ölkənin tanınmış söz, sənət ustaları, mütəxəssislər, media mənsubları, eləcə də kinomanlar toplaşmışdı. Onlar tanınmış kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Mustafayevin 70 yaşının tamam olması münasibətilə keçiriən təntənəli mərasimin iştirakçıları idilər.
Tədbirdə giriş sözü ilə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova istedadlı sənətkarın keçdiyi uzun və zəngin yaradıcılıq yolundan, Azərbaycanın milli kino tarixində yeni səhifə açmasından danışdı, onun quruluş verdiyi “Bəyin oğurlanması”, “Yaramaz”, “Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” kimi kino dünyasının nüfuzlu mükafatlarını qazanmış əsərlərinin milli-mənəvi dəyərlərin təbliğindəki rolundan söz açdı. Vaqif Mustafayevin yaradıcılığında Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinə və şəxsi həyatına həsr olunmuş silsilə sənədli filmlərin xüsusi yer tutduğunu qeyd edən S.Yusifova istedadlı sənətkarın xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini, görkəmli kinorejissorun Azərbaycan Dövlət Mükafatına, Prezidentin fərdi təqaüdünə, Əməkdar incəsənət xadimi fəxri adına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görüldüyünü bildirdi. Sonra nazir müavini Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildiyini söylədi. Bu münasibətlə sənətkarı səhnəyə dəvət edən S.Yusifova ona Mədəniyyət Nazirliyinin Fəxri Fərmanını təqdim etdi.
Azərbaycan Respublikasının Xalq artisti Şəfiqə Məmmədova çıxışında Vaqif Mustafayevi milli kinomuzun böyük simalarından biri kimi səciyyələndirdi və cəsarətli insan kimi bu cəhətinin sənətdə də ona böyük uğurlar gətirdiyini söylədi.
Ardınca yubilyarı təbrik üçün səhnəyə qalxan Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeriy Ruzin V.Mustafayevin yaradıcılığında milli kaloritdən bəşəri dəyərlərə asanlıqla keçid etdiyini və kinonun dili ilə onu dünyaya çatdırdığını açıqladı. O, yubileyi münasibətilə rejissora kino sahəsinə verdiyi böyük töhfəyə görə Vladimir Menşov adına Beynəlxalq Kinofestivalın mükafatını və diplomunu təqdim elədi.
Daha sonra görkəmli rejissor haqqında söz demək üçün səhnəyə yubilyar sənətkarın beş filmində rol almış məşhur gürcü aktyoru, bu münasibətlə Bakıya dəvər olunmuş Avtandil Maxaradze çıxdı. Vaqif Mustafayev haqqında çıxışı sənətkarlığı qədər maraqlı və kaloritli olan A.Maxaradze onu sərhədsiz istedadlı, kompromisssiz, inadkar, peşəsinə dəlicəsinə bağlı dahi sənətkar adlandırdı.
Sonda səhnəyə çıxan yubilyar zala toplaşanlara xitabən “əsl həqiqəti biləndən sonra yalan danışa bilmədiyini” söylədi, onu sevənlərə, sənətinə qiymət verənlərə, eləcə də ekran əsərlərini qiymətləndirənlərə ürəkdən təşəkkürünü bildirdi.
Yubiley mərasimi “Həyat, deyəsən, gözəldir” bədii filminin nümayiş ilə davam etdirildi. Müəllifin Birinci Qarabağ müharibəsindən sonra lentə aldığı yeni ekran əsəri Şər qüvvələrin erməni millətini apardığı yoldan, daha doğrusu, yolsuzluqdan bəhs edir. Tragikomediya janrında, sürrealist üslubda lentə alınmış filmin tamaşaçının vətənpərvərlik duyğusunu coşduran, milli kimliyini xatırladan və qürurlandıran epizodları zalın alqışları ilə müşayiət olunurdu. Hərdən zaldan “Bravo!” sədaları yüksəlirdi. Kifayət dərəcədə ideoloji yükə malik olmasına baxmayaraq, müəllif müharibənin acı gerçəkliyinə söykənən, seyrçi ilə qəhrəmanlarının bədən dilində danışan, süjet boyu ironiya və gülüşün tandemini sərgiləyən ekran əsərinin finalında “ağıllanan, həqiqəti anlayan” erməni qəhrəmanını Tanrının işığına, Günəşə doğru aparır.
Sonda “Həyat, deyəsən, gözəldir” bədii filmi üzərində birgə çalışdığı yaradıcı və texniki heyətini səhnəyə dəvət edən V.Mustafayev onların haqqında minnətdarlıq dolu ürək sözlərini söylədi və zəhməti keçmiş hər kəsə təşəkkürünü bildirdi. Oxucuların diqqətinə onu da çatdıraq ki, “Həyat, deyəsən, gözəldir” filminin müəllifi 2022-ci ilin noyabrında Türkiyənin Bursa şəhərində keçirilən II Dədə Qorqud Türk dünyası film festivalında “Türk dünyasının ən yaxşı rejissoru” mükafatına layiq görülüb. Ümumilikdə 13 ölkədən gətirilən 42 filmə baxış keçirən münsiflər yekdilliklə “Həyat, deyəsən, gözəldir”i seçib.
Dünyaca məşhur rejissor Eldar Ryazanovun rejissorluq kursunu bitirmiş Vaqif Mustafayev, mübaliğəsiz deyə bilərik ki, 125 yaşlı milli kinomuza tragikomediyanın yeni, bənzərsiz çalarlarını gətirib. İstedadlı sənətkarın 70 yaşını qəzetimiz adından təbrik edir, sinema maestrosuna yeni-yeni yaradıcılıq uğurları diləyirik.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”