Bu gün “Yaşıl” hidrogen karbon izlərini azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid üçün qlobal strategiyanın bir hissəsidir. Hidrogen mühərrikli avtomobillər dizel mühərrikli avtomobillərə əsas alternativ kimi nəzərdə tutulub.
“Yaşıl” hidrogen nüvə enerjisi və təbii qazdan istifadə edilmədən ekoloji cəhətdən təmiz şəkildə istehsal olunur. Ən zərərsiz üsul – elektrolizdir. Bu üsulla məhsul sudan elektrik cərəyanı keçirməklə əldə olunur. “Yaşıl” hidrogen istehsalı nəticəsində il ərzində 830 milyon ton zərərli karbon qazının atmosferə buraxılmasının qarşısı alınacaq.
Beynəlxalq Enerji Agentliyi qeyd edib ki, “yaşıl” hidrogen istehsalı üçün elektrolizdə rekord artım var. Agentlik bildirib: “2030-cu ilə qədər hidrogen yanacağının qiyməti ən azı 30 faiz ucuzlaşacaq və bu yanacaq daha əlverişli olacaq. Beləliklə, hidrogen yanacaqlı avtomobil bazarı 2026-cı ilə qədər ildə 66,9 faiz artaraq 42 milyard dollara çatacaq”.
P.ƏFƏNDİ, “Xalq qəzeti”