Gənc kitabxanaçı beynəlxalq təlimdə fərqlənib

post-img

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının şöbə müdiri Nübar Cəlilova Moskvada keçirilən “Kitabxanaların birlik təhsil əməkdaşlığı” mövzusunda beynəlxalq təlimdə Azərbaycanı təmsil edib. Onun Rusiya Federasiyasının paytaxtındakı çıxışı maraqla qarşılanıb və sertifikata layiq görülüb. 

Bizimlə söhbətində Nübar Cəlilova qeyd etdi ki, 25–35 yaşarası gənc kitabxanaçıların cəlb olunduğu beynəlxalq kursun ilk mərhələsi 31 may–14 iyun tarixlərində distant tədris formasında keçirilib. Təlimdə Azərbaycandan tək­cə o, 100 ballıq nəticə ilə fərqlənərək, əyani formada keçirilən 2-ci tura vəsiqə qazanıb. 

Bugünlərdə beynəlxalq humanitar əməkdaşlığın “Yeni nəsil” proqramı çərçivəsində təşkil edilən 2-ci mərhələ­də Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Tacikis­tan və Özbəkistanın kitabxanalarından 53 gənc mütəxəssis iştirak edib. Kurs çərçivəsində sahənin prioritet fəaliyyət istiqamətləri, nümunəvi bələdiyyə ki­tabxanalarının yaradılması, nəşrlərin rəqəmsallaşdırılması və Milli Elektron Kitabxana portalında yerləşdirilməsi üzrə Rusiyanın milli layihələri, müasir dövrdə kitabxanalar qarşısında duran vəzifələr və digər mövzular müzakirə edilib.

Təlimin həlledici mərhələsində çıxış edən Nübar xanım 95 yaşı tamam olan Respublika Gənclər Kitabxanasının daxili strukturu, fond tərkibi, fəaliyyəti, kitabxanada tətbiq edilən milli sistem – “Alisa” proqramı haqqında ətraflı məlumat verib. O, çalışdığı kitabxana­da rəsmi sayt üzərindən təqdim edilən elektron xidmətlər, virtual ünsiyyət va­sitələri, kitabların elektron formata ke­çirilməsi, əməkdaşların təlimlərə cəlb olunması prosesindən danışıb. Nübar Cəlilovaya və layihədə fərqlənən digər gənc mütəxəssislərə sertifikatlar təq­dim olunub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünas­lıq fakültəsinin məzunu olan Nübar xanımın kitablara həvəsi onu 5 il əvvəl C.Cabbarlı adına Respublika Gənclər kitabxanasına gətirib. Hələ tələbə ikən oxucusu olduğu bu kitabxanada çalış­dığı müddətdə o, nümunəvi işi ilə daim fərqlənib. Soydaşımız beynəlxalq təd­birlərdə də fəal iştirak edir. 

Nübar Cəlilovanın bu barədə de­dikləri: 

– İlk dəfə 2020-ci ildə Rusiya Fede­rasiyasının Krasnodar vilayəti Gənclər Kitabxanasının İkinci dünya mühari­bəsində faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təşkil etdiyi “Qələbə­nin şifrəsi birlikdir” adlı beynəlxalq in­ternet forumunda iştirak etmişəm. Bu yarışmaya hər kitabxanaçı bir oxucusu ilə qatılmalı idi. Mən və oxucum Jalə Rəhimova onlayn formada keçirilən həmin sınaqda 1-ci yeri tutaraq bey­nəlxalq sertifikata layiq görüldük. Bu­dəfəki uğurum daha önəmlidir. Çünki əməkdaşı olduğum C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının 95 illiyi ərəfəsində fərqlənə bilmişəm.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Mədəniyyət