Əbdüllətif Bəndəroğlu işığında

post-img

Altı gün Dəclə – Fərat sahillərində

“Qərənfil” Əbdüllətif Bəndəroğlunun 1973-cü ildə Bakıda işıq üzü görmüş kitabı idi. Mən onun əvvəlki kitabları haqqında eşitməmişdim. Elə “Qırənfil”i də görmədən, haqqında eşidərək sevinmişdim. Çox sonralar, Bakıya köçəndən sonra M.F. Axundzadə adına Mərkəzi Kitabxanada oturub, təxminən, iki saat vərəqləmiş, əksər şeirlərini oxumuşdum. O zamanlar nəinki Bəndəroğlu ilə görüşəcəyimi, heç İraq torpaqlarına ayaq basacağımı da ağlıma gətirə bilməzdim. 

Sonralar görkəmli alim Qəzənfər Paşayevin televiziya verilişlərində ya­yılan çoxsaylı söhbətləri, müsahibələri, xüsusən, “Altı il Dəclə – Fərat sahi­lində” kitabı vasitəsilə Bəndəroğlunu daha yaxından tanıya bildim. Amma Bakıda onunla görüşmək mənə nəsib olmamışdı. 

Dövlət radiosunda çalışdığımız il­lərdə (orada ərəbdilli verilişlər redak­siyası da bizimlə eyni mərtəbədə idi) kərkük-türkman ədəbiyyatı və musiqisi haqqında daha çox məlumat ala bil­dim. Yadımdadır, görkəmli türkman müğənnisi Sinan Səidin vəfatının birin­ci ildönümü münasibətilə – 1992-ci ildə ərəbdilli verilişlər redaksiyası olduqca əhatəli, biz isə beş dəqiqəlik veriliş hazırlamışdıq. Orada Bəndəroğlunun Azərbaycan sevgisi, ölkəmizin mədə­niyyəti, xüsusən, folklorumuz haqqıda dəyərli fikirləri də səsləndirilmişdi. Yəni Bəndəroğlu haqqında az-çox məlumat­lı idim. 

Ancaq ötən əsrin sonuncu ilində İraqa gedəndə yol yoldaşımız, şair İsgəndər Etibardan türkman əsilli İraq şairi, tərcüməçi, ədəbiyyatşünas, pub­lisist, folklorçu və araşdırmaçı, Azər­baycan Yazıçılar Birliyinin üzvü, Bakı Dövlət Universitetinin fəxri doktoru Əbdüllətif Bəndəroğlu haqqında nələr eşitmədim? İsgəndər müəllim onun ya­radıcılığına necə dərindən bələd imiş? Üstəlik, yol yoldaşımız hər söhbətin və ya xatirənin sonunda deyirdi ki, Bağ­dadda onunla görüşməyə çalışaca­ğam. Görəcəksən, necə sadə, səmimi insandır. 

Altı gün Dəclə – Fərat sahillərində olduq və... Bağdadda əvvəlcə türkman şairi Fövzi Əkrəm Tərzi, iki gün sonra isə böyük ustad Əbdüllətif Bəndəroğ­lu ilə görüşdük. O, Azərbaycandan gəlmiş nümayəndə heyətindən ancaq İsgəndər müəllimi şəxsən tanıyırdı. Ancaq bizimlə elə səmimi görüşüb, söhbət elədi ki, elə bildim o da Qəbələ­nin Mirzəbəyli kəndindəndir.

Biz İraqda 2000-ci ildə yəni bu ölkə­nin həm İranla sarsıdıcı müharibənin, həm də Qərbdən gələn dəhşətlərin yarasını sağaltmağa macal tapma­dığı, üstəlik, ağır sanksiyalar altında yaşadığı dövrdə olmuşduq. Ona görə də istənilən xidmət sahəsində çox­saylı problemlər var idi. Elə məskun­laşdığımız “Əl-Mansur” otelində də bir neçə dəfə elektrik enerjisinin kəsildiyi­nin şahidi olmuşduq (Mən otelin 20-ci mərtəbəsindən Bağdada baxmağı nə qədər sevdim, İlahi? Dəclə Bağdadın küçələrini doğrayıb keçir, körpülər isə Dəcləni doğram-doğram edirdi). 

Qərəz, otelin birinci mərtəbəsində bizə xüsusi yer ayırdılar ki, Bəndəroğlu ilə görüşüb sohbət edək. Tədbirin qızğın yerində işıqlar söndü. Ərəb dili bilən yol yoldaşlarımızdan kimsə otel məsullarına alternativ işıq barədə müraciət edəndə rəhmətlik şərqşünas, ərəb dili mütəxəs­sisi Süleyman Babaşov dedi: “Eybi yox­dur, bizə Bəndəroğlunun işığı yetər!”

Çox doğru demişdi. Bəndəroğlu, həqiqətən, işıqlı, nurlu insan idi. Allah rəhmət eləsin! 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Mədəniyyət