“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi simpozium

post-img

İyunun 20-də Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi simpozium təşkil olunub.

Simpoziumun rəsmi açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan muğam sənətinin tarixi inkişaf mərhələlərindən söhbət açıb. Bildirib ki, muğam qədim ayinlərdən qaynaqlanaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesindən keçərək, yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. 

“Muğamın ecazkar ritmləri Azərbaycan xalqının dərin fikir dünyasına malik olduğunu göstərir”, – deyən nazir müavini qeyd edib ki, muğam bizim milli-mədəni kimliyimizi təşkil edən genetik kodumuzdur və bügünkü qloballaşan dünyada özünü dərketmə vasitələrindən biridir. 

Səadət Yusifova vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində Muğam mərkəzinin yaradılması haqqında” 2005-ci il tarixli Sərəncamında qeyd edilir ki, muğam Azərbaycan xalqının mədəni-mənəvi irsinin möhtəşəm abidəsidir. Azərbaycan musiqisini zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül tapmış muğamsız təsəvvür etmək mümkün deyil. Klassik ədəbiyyat nümunələri ilə üzvi surətdə vəhdət təşkil edərək sintetik sənət növü kimi meydana çıxan muğamların Azərbaycan musiqisinin inkişafında rolu böyükdür. 

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı, xüsusilə muğam sənətinin təşviqi ilə bağlı layihələr xüsusi önəm kəsb edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində böyük işlər görülmüşdür. 

Nazir müavini qeyd edib ki, 2009-cu ilin martında Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalı keçirilib. O gündən "Muğam aləmi" beynəlxalq musiqi festivalı Azərbaycanın musiqi həyatında mütəmadi olaraq keçirilən Şərqin ənənəvi musiqi ifaçıları və tədqiqatçılarının qatıldığı genişmiqyaslı mədəni hadisəyə çevrilib. 

“Hazırda keçirilən bu ilki festivala da Türkiyə, Özbəkistan, Tacikistan, İsrail, Əfqanıstan, İran, İraq, Yunanıstan, Böyük Britaniya, Mali, Hindistan, İordaniya və Misirdən musiqiçilər dəvət olunmuşdur”.

Sonra çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın muğam sənətinin, muğamşünaslıq elminin əsas mərkəzlərindən biri olduğunu qeyd edərək bu sənətin ölkəmizdə qədim tarixi, böyük ənənələri və qüdrətli ifaçıları olduğunu bildirib. O, muğamın Azərbaycanda XX əsrin əvvəllərində populyarlıq qazandığını və inkişaf etməyə başladığını diqqətə çatdırıb.

AMEA prezidentinin sözlərinə görə, musiqi sənətinin muğam qolu haqqında Əbdülqadir Marağayinin, Fətullah Şirvaninin, Mir Mövsüm Nəvvabın, Üzeyir Hacıbəylinin əsərləri, məqalələri Azərbaycanda muğam sənətinin özünəməxsus elmi əsaslarla inkişaf etdiyini, elmin muğam sənətinin təşəkkülünə böyük təsir göstərdiyini aydın şəkildə nümayiş etdirir.

Çoxəsrlik muğam sənətinin inkişafında müstəqillik dövründəki yeni mərhələnin əhəmiyyətini xüsusi qeyd edən akademik İsa Həbibbəyli artıq Azərbaycanda yeni nəsil muğamşünaslıq elminin formalaşmaqda olduğunu bildirib. Alim son illərdə bu sahədəki irəliləyişin təməlində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli  fəaliyyətinin, onun rəhbərliyi ilə həyata keçirilən əhəmiyyətli layihələrin dayandığını vurğulayıb.  

 “AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda fəaliyyətə başlayan Muğamşünaslıq Mərkəzi ölkə üzrə muğam sahəsində tədqiqatları koordinasiya edən, onların inkişafını elmi baxımdan təşviq edən əsas mərkəzlərdən birinə çevrilməkdədir”, - deyən akademik İsa Həbibbəyli əlavə edib ki, ölkəmizdə ilk dəfə muğam ensiklopediyasının yaranması da Azərbaycanda keçirilən muğam festivallarının elmimizə gətirdiyi qiymətli bir yenilikdir. 

Elmi simpoziumda UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) prezidenti, professor Svanibor Pettan tədbirin əhəmiyyətindən danışıb, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, şuranın əsas məqsədi dünyada ənənəvi musiqinin təbliği ilə məşğul olmaq, onlar arasında əlaqə yaratmaq və təcrübə mübadiləsinə xidmət etməkdir.

Azərbaycanda muğam sənətinin, klassik musiqi irsinin yaşadılmasına göstərilən diqqət və qayğını yüksək qiymətləndirən İCTM prezidenti ölkəmizdə Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının bu irsin yaşadılması üçün keçirtdiyi tədbirlərə toxunub. 

S.Pettan qeyd edib ki, UNESCO nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın üzvləri də Bakıda bir sıra mühüm tədbirlərdə iştirak ediblər. “Bu günlərdə biz Bakıda möhtəşəm tədbirlərdə iştirak edəcəyik. Bu da bizim muğam sənətini yenidən kəşf etməyimizə, öyrənməyimizə və bu irsə yanaşmamıza yaxşı mənada müsbət təsir göstərəcək”.

Daha sonra çıxış edən Şaşmakom Beynəlxalq Musiqi Festivalının prezidenti, Özbəkistan və ABŞ-ın ictimai-xadimi, musiqişünas, publisist və jurnalist Rafael Nektalov muğamın bütün dünyanı fəth etmək gücünə malik olduğunu bildirib. O, uğam sənətinin əksər ölkələrdə böyük marağa səbəb olduğunu diqqətə çatdırıb. 

Rafael Nektalov Azərbaycan muğamının, özbək-tacik şaşmakomunun ümumi bir kökdən qidalanaraq, ümumilikdə Şərq musiqisinin bünövrəsini təşkil etdiyini vurğulayıb, eyni zamanda, bunların hər birinin özünəməxsus inkişaf tarixi, ifaçılıq üslub xüsusiyyətləri olduğunu qeyd edib. 

Simpozium öz işini plenar iclaslarla davam etdirib. 

Plenar iclaslarda “Dəyərli musiqi ənənələri təhlükə altında”, “Məqamın coğrafiyası: Məqamın öyrənilməsi və təcrübəsinə yeni yanaşmalar”, “Paris İnsan Muzeyində səs yazılarının etnomusiqi arxivi. Minlərlə material açıq mənbələrdə” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

“Xalq qəzeti”









Mədəniyyət