Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovun növbəti müəllif konserti onun sevimli müəllimi – Azərbaycanda simfonizmin banisi Cövdət Hacıyev və atası – uşaq müsiqisisinin klassiki sayılan Oqtay Zülfüqarovun irsinə sadiqliyini bir daha göstərdi.
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə konsertdən öncəki çıxışında bunu xüsusi vurğuladı və bəstəkarın çoxşaxəli yaradıcılığından danışdı. Qırx ildən artıq müddətdə onun həyat verdiyi əsərlərin uğurlu taleyini, müəllifin özününsə sadə, təvazökar xasiyyətini qeyd etdi.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova da musiqişünaslar ailəsinin layiqli təmsilçisi Cahangir Zülfüqarovun sənətinə böyük dəyər verdiyini diqqətə çatdırdı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lətifəxanım Əliyeva isə ABİ-nin dəstəyilə bəstəkara həsr etdiyi, yeni nəşr olunmuş broşürdən söhbət açdı.
Tədbirin bədii hissəsi maraqlı keçdi. Fleyta və simfonik orkestr üçün bəstələnmiş “Ümid adası” adlı Qravüraları Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə ifa edən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin lent yazısı səsləndirildi. Həmin yazıda fleytada solo ifa bəstəkarın qızı, Beynəlxalq müsabiqə laureatı Əminə Zülfüqarovaya məxsusdur.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Atatürk Universitetinin professoru, fəlsəfə elmləri doktoru Həqiqət Məhərrəmovanın ifasında “Sarı gəlin”, “Ağ alma” – Piano üçün 2 Fantaziya” tamaşaçılara xüsusi zövq verdi.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Şəms” Uşaq Xoru kiçik yaş qrupunun, solistlər Məryəm Əliyeva ilə Fidan Bağırovanın ifaları hər kəsə xoş təsir bağışladı. “Vətən hissi” mahnısı C.Zülfüqarovun nəvəsi Emili Zəkiyyənin solistliyi, eyni zamanda, xorun tərkibində bəstəkarın digər nəvəsi İnarə Zülfüqarovanın iştirakı ilə gözəl səsləndi. Azərbaycanda uşaq musiqisinin klassiki Oqtay Zülfüqarovun “Elegiya” əsərinin budəfəki ifasının özəlliyi isə ondan ibarət idi ki, onu ustadın nəticəsi – Əfrasiyab Bədəlbəyli adına 11 illik musiqi məktəbinin VI sinif şagirdi Əfrasiyab Məmmədov pianoda ifa edirdi. C.Zülfüqarovun uşaqlıq və gənclik dostları Rauf İmanov və Məbud Məhhərəmovun şux xatirələri də görüşə rəng qatdı.
Müəllif fleyta və 2 piano üçün bəstələdiyi “Oazis” əsərini fleytada qızı Əminə Zülfüqarova və nəvəsi Əfrasiyabla birgə pianoda ifa etməklə tədbirin son akkordlarını vurdu. Sonra qısa nitqlə hamıya öz təşəkkürünü bildirdi.
“Xalq qəzeti”