Xətai Sənət Mərkəzində rəsm müsabiqəsi keçirildi

post-img

Xətai Sənət Mərkəzində Azərbaycan Dövlət Turiz Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Milli mətbəximiz şagirdlərin fırçasında” adlı rəsm müsabiqəsi keçirildi. 

Müsabiqədə 24 məktəblinin 25 rəsm işi sərgiləndi. Xalq rəssamı, Əməkdar incəsənət xadimi Ağaəli İbrahimovun sədrliyi və münsiflər heyətinin iştirakı ilə rəsmlər qiymətləndirildi, müsabiqə qalibləri sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırıldı. 

Qiymətləndirməyə görə üç yaş qrupunda qaliblər müəyyən olundu. 9-13 yaş qrupunda Əliyeva Zəhra, 10-14 yaş qrupunda Xəlilli Cəmilə, 14-16 yaş qrupunda isə Rzazadə Aydan birinci yerə layiq görüldülər.

Digər iştirakçılar isə Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən fərqlənmə diplomları ilə mükafatlandırıldılar. 

İştirakçılar qalib olmaları barədə xoş təəssuratlarını bizimlə bölüşdülər. Birinci yer mükafatçılarından Xəlilli Cəmilə sərgiyə qatıldığı üçün çox xoşbəxt olduğunu dedi:

“Bu sərgiyə qatılmaq ən böyük arzum idi. Nə yaxşı ki, bu sərgidə mənim də rəsmim sərgiləndi. Birinci yerə layiq görüldüyüm üçün çox sevincliyəm. Arzum budur ki, gələcəkdə daha da yaxşı rəsm əsərləri ərsəyə gətirim və hər zaman zirvələri fəth edim”.

Müsabiqənin məqsədi Azərbaycan milli mətbəxinin təbliği və milli mədəni irsimizin bir qolu olan milli mətbəximiz mövzusunda yeni əsərlərin meydana gəlməsidir. 

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”  









Mədəniyyət