Dünya mədəni ictimaiyyəti hər il may ayının 18-ni Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının XI Konfransında təsis olunub. Bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur.
Azərbaycanda peşəkar muzey işinin tarixi çox qədim olmasa da, mədəni irsə münasibətdə ümumxalq məhəbbətinin, qayğıkeşliyinin həmişə mövcud olduğunu məmnuniyyətlə vurğulya abilərik.
XX yüzilin əvvəllərində Bakı Ticarət Məktəbi nəzdində Sənaye, Xalq məktəblərinin Bakı–Dağıstan müdiriyyəti nəzdində Pedaqoji və başqa bu tip muzeylər fəaliyyət göstərib.
İlk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olub. 1919-cu il dekabrın 7-də İstiqlal Muzeyi fəaliyyətə başlayıb. Muzeyin qurulması ilə bağlı "Azərbaycan" qəzetinin 1919-cu il 23 sentyabr tarixli sayında belə yazılırdı:
"Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını "milli muzey" qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə "İstiqlal muzesi" olmasını əhəmiyyətli görürüz".
Muzeydə tariximizi, mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar və əlyazmalar toplanmışdı. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Parlamenti Rəyasət Heyətinin hesabına idi. 1920-ci il 28 aprel işğalından sonra İstiqlalMuzeyinin eksponatları yeni təşkil olunmuş Azərbaycan Dövlət Muzeyinə verildi. (Sonralar eksponatların bir bölümü (o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, "İstiqlal Bəyannaməsi"nin əsli, Azərbaycan Parlamentinin materialları və s.) Moskvadakı "İnqilab Muzeyi"nə aparıldı)...
Keçmiş SSRi dövründə respublikamızda muzey şəbəkəsi genişlənmişdi (Nizami adına Ədəbiyyat Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi, Azərbaycan Tarixi Muzeyi, Xalq Maarifi Muzeyi, əksər rayon və şəhərlərdə Tarix, Diyarşünaslıq muzeyləri, Elm və mədəniyyət xadimlərinin ev muzeyləri və b.). Qürur hissi ilə vuruğlanmalıdır ki, Lətif Kərimova adına Azərbaycan Xalçası və Tətbiqi Sənət Dövlət Muzeyi dünyada yeganə belə muzeydir.
Azərbaycan Respublikaı öz dövlət müstəqilliyini elan etdikdən sonra muzeylərimizin tematikası, fəaliyyətinin məzmunu daha dərin anlam qazanmış, milli və bəşəri səciyyə ilə zənginləşmiş, həmçinin yeni muzeylər yaradılmışdır. Ali dövlət rəhbərliyinin, o cümlədən Heydər Əliyev Fondunun mədəni irsə, muzey işinin təşkilinə verdiyi önəm öz gözəl nəticələrini vermişdir.
Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir.
Təsadüfi deyil ki, ünlü Norveç alimi və səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə "Səma altında muzey" adlandırmışdı.
44 günlük müharibədən sonra, işğaldan azad edilmiş şəhərlərimizdə, qəsəbə və kəndlərimizdə Ermənistanın dağıtdığı, taladığı, erməniləşdirməyə çalığşdığı mədəniyyət, tarixi, dini-mədəni ocaqlar sırasında muzeylərimizin də acınacaqlı durumu video, foto çəkilişlərlə bütün dünyaya nümayiş olundu. Uçotu aparılan dağılmış muzeylərimizin sürətli bərpası dövlətimizin, xalqımızın öz mədəni irsinə yüksək həssaslığının parlaq sübutudur.
Bu anlamlı gün ilə bağlı bütün muzey işçilərimizi təbrik edir, onlara yeni uğurlar diləyirəm!
Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri