Sənətin, mədəniyyətin qədimliyi, müasirliyi ilə dəyər qazanmış nadir incilər müxtəlif təyinatlı muzeylərdə qorunur və təbliğ olunur.
Beynəlxalq Muzeylər Şurasının (İCOM) 1977-ci ildə imzaladığı qərara görə, bu sənət ocaqlarının peşə bayramı məhz 18 may tarixinə təyin olunmuşdur.
Azərbaycanın bölgə, tarixi-diyarşünaslıq muzeyləri də daxil olmaqla, Bakı şəhərinin bütün muzeyləri həmin gün təmənnasız olaraq qapılarını tamaşaçıların üzünə açır.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də çoxillik ənənəsinə sadiq qalaraq peşə bayramı günündə ziyarətçiləri elm, mədəniyyət və ədəbiyyat dünyasına qonaq edib.
“Açıq qapı” günündə muzeyi 189-190 nömrəli tam orta məktəbin və digər orta təhsil müəssisələrinin şagirdləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Asəf Zeynallı adına Musiqi Kollecinin və müxtəlif ali məktəblərin müəllim və tələbə heyəti, eləcə də ölkədə müvəqqəti məskunlaşan əcnəbilər ziyarət ediblər. Onlara muzeyin ən qədim dövr, orta əsrlər, folklor, müasir dövr ədəbiyyatını, tarixini, görkəmli söz, fikir insanlarını tanıdan geniş zallarında müxtəlif dillərdə izahatlar verilib. Muzeydə yer alan eksponatlar və mühüm ədəbi faktlar ziyarətçilərin diqqətinə çatdırılıb. Beynəlxalq Muzeylər Günündə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə gələnlərin sayı 3000 nəfərə yaxın olub.
Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş sərgi də ziyarətçilər tərəfindən maraqla izlənilib. On lövhədən ibarət olan sərgidə Ulu Öndərin Azərbaycan ədəbiyyatına, onun parlaq nümayəndələrinə sevgi və qayğısının timsalı olan şəkillər, Heydər Əliyevin klassik dövr ustadlarının bədii irsinə bağlılığını, türk dünyası ədəbiyyat xadimləri ilə görüşlərini, unudulmaz fikirlərini əks etdirən bölmələr yer alır.