“Türkoloji etüdlər” təqdim olundu

post-img

Aprelin 11-də  AYB-nin Natəvan zalında Minaxanım Təkləlinin   “Türkoloji etüdlər” kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə açan, kitabın elmi redaktoru, professor Tofiq Məlikli müəllifin türkoloji araşdırmalar sahəsində bir sıra aktual mövzularda əsərlər ərsəyə gətirdiyini və onların arasında “Türk əsilli ruslar”, “Türk kitabı”, “Unudulan tarix”, “Dəyişdirilən yer adları”, “Rus dilində türk sözləri”, “Türk imzası” və s. kitablarını qeyd etmək olar. Müəllifin bu səpkidə araşdırmalar aparması türkoloji arealda yeni fikirlərin formalaşmasına, nəhayət genişlənməsinə kömək edəcək. 

Sonra müəllif gələn qonaqlara təşəkkürü bildirərək qeyd etdi ki,  hələ sovet dövründən bu mövzularda araşdırmalar aparmış və müstəqilliyimizin bərpasından sonra bu araşdırmaları daha da məzmunlu, genişləndirilmiş formaya salmışdır.  

M. Təkləli bildirdi: "Rus dilində türk sözlərini yazanda yazıb bitirirdim amma ayrıla bilmirdim. Mən Şərqi Slavyan mühitində bütün sahələrin dərinliyinə getdim və türk izlərini tapdım, kilsələrdə, böyük saraylarda, bitki adlarına qədər, dövlət atributları, hərbi terminlərin türk mənşəli olduğunu tapdım. Xüsusilə qeyd edim ki, bu, bir xəzinə idi. Mərkəzi Rusiyanın türk coğrafiyasını araşdırdım. Moğol-tatar yürüşlərindən qalan böyük şəxsiyyətlərin adlarının ensiklopedik-etimoloji lüğətini hazırladım.  SSRİ dağıldıqdan sonra bu mövzuda bir səs-küy qopdu. Mən deyərdim ki, tarixçilər qədər filoloqlar da bu mövzularda əvəzsiz iş görürlər”,–deyə, müəllif bildirdi.  Araşdırmaçı türklük hüdudlarından kənarda qalan türk sözlərinin, türk tarixi üçün vacib mövzular olmasını və bu sahənin araşdırılmasının vacibliyini qeyd etdi. Onun sözlərinə görə, geyimdən tutmuş bitki adlarına qədər linqivistik araşdırmalar yolu ilə türk mədəniyyətinin təsir izlərini göstərmək kitablarının ana xəttidir.  

Filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fazil Güney çıxış edərək Minəxanım Təkləlinin elmi-filoloji yaradıcılığından, tarixə, mədəniyyətə öz kitabları ilə verdiyi töhfələrdən danışaraq vurğuladı ki,  onun seçdiyi mövzular bütün tarixçilərin, filoloqların istəyini əhatə edən sahələrdir.  Onun kitablarına bir oxucu kimi məftun olmamaq mümkün deyil. Tədqiqatçının kitablarını dərindən oxusaq görərik ki, müasir rus dilinin tarixi 400-500 ili keçmir və nə qədər türk izləri, türk sözləri ortaya çıxarır. 

Daha sonra yazıçı Hüseynbala Mirələmov, folklorşünas Əli Şamil, Maqsud Məmmədov, Zemfira Məhərrəmli və digərləri çıxış edərək müəllifin əsərlərində dərin təhlillərin olmasından,  böyük zəhmət sayəsində ortaya qoyulan faktlardan söhbət açdılar. Çıxışçılar türk xalqları gənclərinin Minaxanım Təkləli yaradıcılığından hər zaman bəhrələnməli olduğunu və Türk tarixinin və mədəniyyətinin böyüklüyünü dərk etmək üçün onun əsərlərini oxumağın vacibliyini vurğuladılar. 

Anar TURAN,
“Xalq qəzeti”







Mədəniyyət