14 mart General Əliağa Şıxlinskinin yanlış doğum tarixidir

post-img

Bir sıra tarixi mənbələrdə, eləcə də Qlobal Elektron Kitabxanasında martın 15-i Azərbaycan xalqının görkəmli oğlu, “Artilleriya allahı” kimi tanınan dünya şöhrətli general, hərbi strateq Əliağa Şıxlinskinin anadan olduğu gün kimi qeyd edilib. Biz də bu tarixi qəzetimizdə qeyd etmək üçün milli öyücümüz olan sərkərdənin həyat və fəaliyyətinin tanınmış tədqiqatçısı Şəmistan Nəzirliyə zəng vurub general barədə yeni araşdırmalarından söz açmasını  üxahiş etdik. Əliağa Şıxlinskinin anadan olduğu gün, ay, hətta ilin bilərəkdən saxtalaşdırılıb və burada düşmən əli olub. Şəmistan müəllim qeyd etdi ki, o bu barədə dəfələrlə məsələ qaldırıb: “Dünyanın şöhrətlilərindən biri olan Əliağa Şıxlinski barədə təkcə anım günlərində yox, həmişə yazmaq olar, martın 15-də də, anadan olduğu aprelin 23-də də. Amma mütləq onun anadan olması tarixi dəqiq yazılmalı, yanlışlıq aradan götürülməlidir”. 

Çox keçmədi ki, həmkarımız redaksiyamıza gəldi. 

Hərb tarixinə ömrünün böyük hissəsini həsr etmiş, saysız-hesabsız tədqiqat əsərləri ilə bu sahənin inkişafına töhfələr vermiş Şəmistan Nəzirli bu gəlişi ilə, sanki, Əliağa Şıxlinskinin nəfəsini də redaksiyamıza gətirdi. Generalın əlyazmalar şəklində məktublarının surəti, orjinal fotoşəkillər və bir sıra sənədlər yan-yana düzüldü.

Şəmistan Nəzirlinin dediklərindən: “Əliağa Şıxlinski haqqında ilk tədqiqat əsərimi yazanda universiteti təzə bitirmişdim. Çox gənc idim və bəzi yanlış məlumatların olması təbii idi. Onun həyatını yazan ilk tədqiqatçı Heydər Hüseynovu da aldatmışdılar. Əslində, bizə təqdim edilən sənədlərdə Ə.Şıxlinskinin 1863-cü ildə anadan olması göstərilirdi ki, sonradan 1884-cü ildə Snakt-Peterburqda Dövlət Muzey-Qoruğu “Tsarskoe selo”da olarkən sənədin əslini gördüm. Öyrəndim ki, doğum tarixi 1965-ci ilə təsadüf edən general vəfat etdikdən sonra varisi qalmadığından qardaşının milliyyətcə erməni olan həyat yoldaşı onun adından etibarnamə yazaraq özünü varis elan edib, həm də onun bioqrafiyasında doğum tarixini saxtalaşdırmağa nail olub”.  

Ş.Nəzirli Əliağa Şıxlinskinin dövrünün böyük hörmət və şöhrət qazanmış hərbi xadimlərindən biri olmaqla yanaşı, misilsiz istedadı, mərdliyi və hədsiz vətənpərvərliyi ilə fərqləndiyini də bildirdi. Qeyd etdi ki, 50 ildən çox nizami orduda xidmət etmiş general 4 müharibənin şahidi, 3-nün isə iştirakçısı olub. 1904-1905-ci illərdə Port-Arturda, 1914-cü ildən Birinci dünya müharibəsində, 1918-1920-ci illərdə isə torpaqlarımızın bütövlüyü uğrunda işğalçı Ermənistana qarşı döyüşüb. Böyük Vətən müharibəsinin isə şahidi olan general "Xatirələrim" kimi qiymətli hərbi memuar yazıb. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır.

General uzun illər – 1879-cu ildən 1917-ci ilədək həyatının böyük hissəsini Vətəndən uzaqda yaşamasına baxmayaraq ana dilini qoruyub saxlayıb. O hətta Azərbaycanda hərbi lüğətin yaradıcısı olub, 1926-cı ildə Bakıda “Rusca-türkcə qısa hərbi lüğəti”ni 3 əlifbada – rus, ərəb və latın qrafikası ilə nəşr etdirib. Bu isə hərbi nizamnamələrin, ədəbiyyatın Azərbaycan dilinə tərcümə olunmasına kömək edib. 
Müsahibimiz daha sonra bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordumuzu yaradıcılarından biri də general Əliağa Şıxlinski idi. Görkəmli sərkərdə xalqımız üçün ən böyük xidmətlərindən biri də 1917-ci ilin noyabrında olub. Həmin ayın 15-də Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb, bununla da Milli Azərbaycan Ordusunun təməlini qoyub. 1918-1920-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin təşkilində Əliağa Şıxlinskinin müstəsna rolu olub”.

Tədqiqatçı qeyri-adi fəaliyyəti ilə fərqlənmiş nadir hərbi mütəxəssislərdən olan Şıxlinskinin Fransanın generallara məxsus fəxri “Legion ordeni” və zabitlərə verilən “Legion xaçı” ilə təltif edilən yeganə azərbaycanlı olduğunu, ötən əsrin əvvəllərində hərbi mütəxəssislərin çox yüksək qiymətləndirdikləri “Şıxlinski üçbucağı” təliminin Rusiya, Fransa, Avstriya, Norveç, İsveçrə və digər qabaqcıl ölkələrin artilleriya məktəblərində dərslik kimi istifadə olunduğunu da vurğuladı. 

Tədqiqatçı jurnalist sonda Azərbaycanın görkəmli oğlu Əliağa Şıxlinskinin xidmətlərinin əsrlər keçsə də, həmişə xatırlanacağını, xalqımızın onunla həmişə qürur duyacağını bildirdi.

Leyla QURBANOVA,
“Xalq qəzeti”

Mədəniyyət