Filmlər böyük informasiya daşıyıcısı və ötürücüsüdür. Bədii filmlərlə yanaşı, müxtəlif sahələr üzrə lentə alınmış sənədli filmlərin də geniş tamaşaçı auditoriyası vardır. Cizgi filmləri isə uşaqların həyatında əvəzsiz yer tutur. Tərbiyəvi və öyrədici əhəmiyyətə malik olan cizgi filmləri uşaqlara müxtəlif istiqamətlərdə bələdçilik edir. Azərbaycan kinematoqrafiyasında cizgi filmlərinin, bədii və sənədli lentlərin yerli istehsalı yetərincə olmadığına görə əcnəbi filmlərin yayımına böyük tələbat yaranmışdır. Bu səbəbdən xarici filmlərin Azərbaycan dilinə tərcüməsi çox vacib məsələyə çevrilmişdir. Baxımlı dublyaj filmlərinin ərsəyə gətirilməsi üçün bir çox normaya ciddi əməl edilməlidir. Bu sahədə başlıca və pozulmaz tələb belədir: dublyajda film də, çevrildiyi dil də qazanmalıdır. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərmanda əcnəbi ölkələrdə istehsal edilmiş və Azərbaycanda nümayiş etdirilmək üçün alınmış kino və televiziya məmulatının Azərbaycan dilinə dublyajı işinin lazımi səviyyədə qurulması və ölkə ərazisində xarici kino və telefilmlərin Azərbaycan dilində nümayiş etdirilməsi məsələləri qeyd olunmuşdur. Bundan sonra televiziya kanallarında göstərilən xarici filmlərin, demək olar ki hamısı Azərbaycan dilinə tərcümə edilir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında 2013-cü il 9 aprel tarixli sərəncamda isə elmi, bədii və publisistik əsərlərin orijinaldan tərcüməsi, eləcə də filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması kimi məsələlər öz əksini tapmışdır. Dövlət başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı ilə dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdır. Monitorinq Mərkəzi şifahi və yazılı kütləvi informasiya vasitələrində, eləcə də xarici filmlərin dublyajı zamanı yol verilən yanlışlıqların aradan qaldırılmasına nəzarət edir. Monitorinqə dövlət büdcəsi ilə maliyyələşən televiziya kanallarından AzTV, İTV, İdman TV, özəl kanallardan Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, region kanallarından isə ARB Günəş-də yayımlanan dublyaj filmləri cəlb olunmuşdur. Dublyajların monitorinqi ilə bağlı faktların təhlili zamanı qeydə aldığımız orfoepik, leksik, qrammatik norma pozuntularının, yanlış ifadələrin, tərcümə zamanı yol verilən üslubi xətaların tez-tez rast gəlinən səciyyəvi nümunələrini “Xalq qəzeti” ilə birgə gerçəkləşdirdiyimiz layihə çərçivəsində oxuculara təqdim edirik.
Orfoepik norma:
Aparılan monitorinqin nəticəsi olaraq qeyd etmək lazımdır ki, dublyajların səsləndirilməsində ayrı-ayrı səslərin, sözlərin, ifadələrin, qrammatik formaların yanlış tələffüzü, vurğunun yerində işlədilməməsi halları daha çox müşahidə olunur. Məsələn: Azərbaycan ədəbi dilinin orfoepiya qaydalarına əsasən, ikinci şəxsin cəmini bildirən -sınız4 xəbərlik şəkilçisi [-sız4] kimi tələffüz olunur:
Ayıb deyil, ikiniz birləşib qiybət eləyirsiniz [eləyirsiz] (bədii film).
İndi siz də bayramı gözləməli olacaxsınız [olacaxsız] (cizgi filmi).
Siz bizim haraya getdiyimizi bilirsiniz [bilirsiz]? Bəs biz həmin o yerə çatdığımızı haradan biləciyik [biləcəyix’]? (cizgi filmi).Bu nümunədə başqa bir fonetik hadisəni də müşahidə edirik. “Bilmək” feili I şəxsin cəmində qəti gələcək zaman şəkilçisi (-acaq2) ilə işləndikdə [biləciyik] əvəzinə [biləcəyix’] kimi yanlış tələffüz olunur. Digər nümunələrdə də bu halı görmək mümkündür:
Nə lazımdırsa, eliyəciyik [eləyəcəyix’], sənin burada artıq qalmağına imkan vermiyəciyik [verməyəcəyix’] (teleserial).
Qalacaq, qalmayacaq görəciyik [görəcəyix’] (teleserial).
Orfoepiya qaydalarına görə, Azərbaycan əlifbasında [x’] səsini ifadə edən ayrıca hərf olmadığı üçün həmin səs şərti olaraq y samitinin kar qarşılığı kimi qəbul edilmişdir. Bu qəbildən olan sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə k samiti [x’] kimi tələffüz olunur:
Hemi gördüklərinə [gördüx’lərinə] heyran qalmışdı (cizgi filmi).
Gedəy [gedəx’], gəzəy [gəzəx’], Bobo (bədii film).
Tezliylə [tezlix’nən] səndən canımız qurtaracaq, tezliylə [tezlix’nən] (teleserial).
Əyər həqiqəti söyləməsən, öləcəysən [öləcəx›sən], cəsarətli olmasan, öləcəysən [öləcəx’sən] və oyunu rədd eləsən, yenə öləcəysən [öləcəx›sən] (bədii film).
Ürəyləri [ürəx›ləri] fəth eləyirsən. İngilis qızları [qızdarı] səni sevir (bədii film). Verilən nümunənin digər cümləsinə nəzər yetirək. Qaydaya əsasən, -lar2 şəkilçisi [-dar2], [-rar2], [-nar] kimi tələffüz olunur. Müşahidə etdiyimiz nümunələrdə bu qaydaya riayət olunmamışdır:
Qanatları [qanatdarı], qanatlarını [qanatdarını] tərpət və onu dimdiklə [dimdix’lə] (cizgi filmi).
Burada görməli yerlər [yerrər], müxtəlif [müxdəlif] işlər [işdər] var (cizgi filmi).
Söz ortasında yanaşı gələn müxtəlifcinsli kar samitlərin ikincisi, əsasən, cingiltili tələffüz olunur. “Müxtəlif” sözündə də “t” samiti “d” samitinə keçir.
Haydı, igidlər [igitdər], atlara [atdara]! (teleserial).
Basteri onun sevdiyi yerlərdə [yerrərdə] axtarağın [axtarax] (cizgi filmi). Bu nümunədəki “axtarağın” sözünün tələffüzü fonetik dialektizmdir. Hətta belə nümunələrin sayını artıra bilərik:
Hələlik isə papağımızı başımıza qoyağın [qoyax] (cizgi filmi).
Bəlkə, elan verəyin [verəx’] (cizgi filmi).
Elə isə başlıyağın [başlıyax] (cizgi filmi).
Zərf düzəldən -la2 şəkilçisi, həmçinin ilə bağlayıcısı və qoşmasının şəkilçiləşmiş -la2 forması [nan2] şəklində vurğusuz tələffüz olunur. Eyni zamanda ilə bağlayıcısı və qoşması saitlə bitən sözlərə qoşulduqda [-ynan], [-ynən] kimi tələffüz olunur:
Sənin dediylərini hərəkətlərlə [hərəkətdərnən] göstərdim (bədii film).
Biz onu tor ilə [tornan] tutacayığ (cizgi filmi).
“Tutmaq” feilinə I şəxsin cəm şəkilçisi qoşulduğuna görə “q” samiti yazıda olduğu kimi tələffüzdə də “ğ” səsinə keçir.
Problem karanavirus [karonavirus] peyvəndi ilə [peyvəndiynən] bağlıdır (sənədli film).
Orfoepiya qaydalarının 3.13 bəndinə əsasən, “[karonavirus]” kimi tələffüz olunur.
Atası təcüblə [tə:ccübnən] cavab verir (bədii film).
Ama [amma] verəcəyin qərarla [qərarnan] Sultan Qiyasəddin uduzarkən qazanan sən olacaqsan (teleserial). Cümlədə verilən “ama” sözünə diqqətimizi yönəldək. Söz ortasında eynicinsli qoşa cingiltili (bb, cc, dd, ll, mm, nn, rr, vv, yy, zz) və qoşa kar (ff, hh, ss, şş) samitlər yazıldığı kimi tələffüz olunur:
Onu başa düşdük, ama [amma] niyə? (teleserial).
Hətta nümunələr əsasında “onlar” əvəzliyinin yanlış tələffüzünü müşahidə edirik:
Olar [onnar] qaladan sağ-salamat çıxmalıdırlar (teleserial).
Dordan [doğrudan]? Onda onları [onnarı] kim yiyib [yeyib]? (cizgi filmi).
“Yiyib” sözünün birinci hecasındakı sait dəyişilmir. Təkhecalı sözlər tələffüzdə olduğu kimi qalır.
Əgər mətn orfoepiya qaydalarına uyğun, müvafiq intonasiya ilə səsləndirilərsə və sözlərdə vurğu düzgün qoyularsa, fikrin ahəngdarlığı onu dinləyəndə də xoş təəssürat yaradar. Lakin aşağıdakı nümunədə eyni mətndə şəxs adının müxtəlif vurğu altında deyilməsi faktına rast gəlirik:
Diantey Vaylder... Bilirsiniz, Deonta′y [Dia′ntey] ilk dəfə zala gələndə və peşəkarlarla sparrinqə çıxanda deyirdilər ki, bu oğlan, diyəsən [deyəsən], qorxaqdır. Nakoutlar [nakautdar] zamanı üzü gülən De′ontayı [Dia′nteyi] görəndə həmişə ona diyirəm [deyirəm] ki, sükanı belə saxla. Bəzi insanlar sənin vəhşi olduğunu deyir”. Biz Deo′ntayla [Dia′nteynən] 8-9 il döyüşmüşük (sənədli film).
Burada bir balaca anlaşı′lmamazlıq [anlaşılmazlı′q] (anlaşılmazlıq) baş verdi (cizgi filmi). Verilən bu nümunədə isə iki norma eyni vaxtda pozulub. Vurğu yanlışlığı, eyni zamanda leksik norma pozuntusu qulaq dəlir.
Günel HACIYEVA,
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi