Milli Xalça Muzeyinin sərgi salonunda Xalq rəssamı Arif Hüseynovun 80 illik yubileyi münasibəti ilə onun əsərlərindən ibarət “Azərbaycan nağılı” adlı fərdi sərgisi açılıb. Muzeyin salonunda sərgilənən əsərlərlə tanışlıqdan sonra əmin olduq ki, rəssamın təxəyyülü nağıl qəhrəmanlarının, cadugərlərin, divlərin, hiyləgər vəzirlərin maraqlı obrazlarını tamamlayır. Sərgidə rəssamın 55 əsəri nümayiş olunurdu. Bu əsərlər 30 Azərbaycan klassik nağıllarından istifadə olunmaqla ərsəyə gətirilib.
Sərgi iki hissədən–müasir və klassik Azərbaycan nağıllarına həsr olunmuş əsərlərdən ibarət idi. Sərgidə yazıçı Anarın nəvəsi Muradın və Leyli Salayevanın “Dilbərin qaşıq səyahəti” adlı nağıllara həsr olunmuş əsərləri diqqəti cəlb edirdi. Burada Təbriz miniatür məktəbinin ənənələrindən yaradıcı istifadə özünü açıq şəkildə göstərirdi.
Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Dövlət Rəsm Qalereyasının əməkdaşı Ziyarət Cabarova və digərləri çıxış edərək Arif müəllimə yeni yaradıcılıq uğurları arzuladılar.
Sonra Arif Hüseynov ziyarətçilərə təşəkkür etdi. Bildirdi ki, insan ömründə bir uşaq vaxtı, bir də yaşa dolanda nağıl oxuyur. Çünki uşaq vaxtı oxunan nağıla başqa tərzdə, yaşlananda isə daha çox təcrübə və ağılla yanaşırsan. “Mən bu mövzunu ona görə seçmişəm ki, hamımız uşaqlıqdan nağılları sevmişik. Həm də nağıllar həmişə yaxşı sonluqla qurtarır”, – deyə Xalq rəssamı bildirdi.
Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Milli Xalça Muzeyi, “Azərxalça” ASC və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə açılıb.
...Sərgi salonundan ayrılsaq da, görkəmli rəssamın çəkdiyi rəsmlərin sehr və cazibəsi bizi uzun müddət öz təsirində saxladı.
Sərgi fevralın 24-dək davam edəcək.
Elçin ABBASOV, “Xalq qəzeti”