Muğam Mərkəzində duyğulu bir axşam...

post-img

O axşam işıqlı qəmlə süslənmiş “Bayatı Qacar” pərdə-pərdə ürəklərə nüfuz edir, fani dünyanın yalnız şənliklərdən ibarət olmadığını anladırdı. Digər muğamlar səsləndikcə yadımıza Seyid Əzim Şirvaninin beytini saldı: 

Ələ aldı qavalı ol düxtər, 

Oxudu çəm-xəm ilə bir “Şüştər”... 

Bəli, fevralın 17-də Beynəlxalq Mu­ğam Mərkəzində “Muğam axşamları” layihəsinin növbəti konserti dinləyicilərə belə poetik ruh aşıladı. Şair olan yetərincə duyğulandı, rəssam olan rənglərin ahəngində vurnuxdu, sevgisindən ya­rımayan kövrəldi, bir sözlə, hər kəs öz nəsibini aldı.

Musiqi gecəsində sözügedən mu­ğamlarını BMM-nin solistləri Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Rəvanə Qurbanova, Nisbət Sədrayeva və Məmməd Nəcəfov təqdim etdilər. Qəlbəyatımlı səs sahiblərini tarzən Rövşən Qurbanov, kamança ifaçısı Cey­hun Bayramov, kanon ifaçısı, Əməkdar artist Təranə Əliyeva, nağaraçı Amil Mustafayev, ud ifaçısı Vasif Yusibli layiqincə müşayiət etdilər. 

Tanınmış xanəndə Qəzənfər Ab­basov “Şüştər” muğamını xüsusi məharətlə ifa edən tələbəsi Sevinc Sarı­yevanı və Rəvanə Qurbanovanı muğam səhnəsində özünəməxsus şəkildə təbrik edərək bu klassik ladda bir zamanlar özünün də oxuduğunu xatırladı: “Bu mu­ğam nadir hallarda ifa olunur. Məşədi Məmməd, Cabbar Qaryağdıoğlu və digər muğam biliciləri “Şüştər”in möhürünü vu­rublar. 80-ci illərdə isə dünyasını dəyişən görkəmli muğam ifaçılarımız – Hacıbaba Hüseynov, Canəli Əkbərov, daha sonra isə Alim Qasımov “Şüştər”ə yeni nəfəs veriblər. Bugünkü ifalar da gözəl idi”. 

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata ke­çirir ki, onlardan biri də haqqında danış­dığımız “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Mu­ğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir.

Fidan HÜQUQQIZI,
Elşən AĞALAR (foto), “Xalq qəzeti”

Mədəniyyət